...

Azərbaycanda yaşıllıqlara vurulan ziyana görə tətbiq olunan cərimənin artırılması ilə bağlı Nazirlər Kabinetinə təklif təqdim olunub

Cəmiyyət Materials 5 İyun 2009 17:39 (UTC +04:00)
Azərbaycanda yaşıllıqlara vurulan ziyana görə tətbiq olunan cərimənin artırılması ilə bağlı Nazirlər Kabinetinə təklif təqdim olunub

Azərbaycan, Bakı, 05 iyun  / Trend , müxbir C.Babayeva, R.Dərəxşan /  

Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkədə yaşıllıqlara vurulan ziyana görə tətbiq olunan cərimənin miqdarının artırılması ilə bağlı Nazirlər Kabinetinə təklif təqdim edib.

"Təklifdə cəriməyə yaşıllıqların məhvinə görə mənəvi ziyanın da əlavə olunması göstərilib", - Trend -un məlumatına görə, cümə günü jurnalistlərə ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov bildirib.

Trend -un arayışı: Azərbaycan Prezidenti İlham Əliyev özəl obyektlərin və evlərin tikintisi üçün ərazilərin boşaldılması zamanı ağacların kəsilməsini qadağan edib. Bu barədə dövlət başçısı apreldə Nazirlər Kabinetinin 2009-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında bildirib.

Dövlət başçısı qeyd edib ki, ağaclar yalnız dövlət layihəsinin reallaşdırılması, yolların genişləndirilməsi və bu kimi hallar zamanı kəsilə bilər. Apreldə Azərbaycanda yaşıllaşdırma üçün 11 ərazi müəyyən edilib. İki il ərzində üç milyon ting əkiləcək. Ağaclar Abşeron rayonunda və paytaxtın Qaradağ, Suraxanı, Sabunçu, Binəqədi və Əzizbəyov rayonlarında əkiləcək.

Nazir bildirib ki, Nazirlər Kabinetinə həmçinin Bakıda ağacların kəsilməsi üzrə aparılmış monitorinqin nəticələri təqdim olunub.

"Nazirlik digər nazirliklərlə birgə iş sisteminin qurulması ilə bağlı qaydalar hazırlayır. Əsas məqsəd cərimə olunan təşkilatların cəriməni yüz faiz ödəməsinə nail olmaqdır. Bu gün yaşıllıqlara vurulan ziyana görə tətbiq olunan cərimələrin 15-20 faizi ödənilir. Hər hansı bir müəssisə, zavod və ya bələdiyyədən cərimənin ödənilməsi tələb olunanda, onlar hesablarında vəsaitin olmamasını əsas gətirərərk cəriməni ödəmir. Nazirlik cərimələrin 90-100 faiz ödənilməsini təmin edəcək sistemin yaradılmasının tərəfdarıdır", - Bağırov deyib. 

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti