Azərbaycan, Bakı, 08 avqust / Trend , muxbir K.Zərbalıyeva /
"Azərbaycan daxili işlər naziri həbsdə olan gənclərin istintaqının obyektiv aparılacağına söz verib", - İşgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudov şənbə günü Trend -a bildirib.
Behbudov bildirib ki, şənbə günü daxili işlər naziri Ramil Usubovla görüşüb. Görüş zamanı hüquq müdafiəçisi bir neçə gün öncə həbs olunmuş gənclər Adnan Hacızadə və Emin Millinin (Abdullayev) istintaqının obyektiv aparılmasını nazirdən xahiş edib. Nazir istintaqın obyektiv aparılacağını bildirib.
Trend -un arayışı: Rəsmi məlumata görə, 2009-cu il iyulun 9-da, saat 18.00 radələrində içkili vəziyyətdə olan Adnan Hacızadə, habelə Emin Abdullayev və daha beş nəfər "Lebonese" restoran-barında ucadan etik normadan kənar nalayiq ifadələr işlətdiklərinə görə, onlara irad tutan vətəndaşlar Vüsal Məmmədov və Babək Hüseynova qarşı heç bir əsaslı səbəb olmadan fiziki zor tətbiq etməklə qərəzli xuliqanlıq hərəkətlərinə yol veriblər.
Fakt üzrə Səbail Rayon Polis İdarəsinin İstintaq şöbəsi tərəfindən Cinayət Məcəlləsinin xuliqanlıq (221.2.1) maddəsi ilə cinayət işi başlanıb. Adnan Hacızadə və Emin Abdullayev barəsində həbs qətimkan tədbiri seçilib. Görüşdə insan hüquqlarının vəziyyəti, polis idarələrində işgəncə faktları ilə bağlı müzakirələr aparılıb.
Behbudov görüşdən razı qaldığını bildirib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]