Polad Həmidov, Trend -un icmalçısı
Qonşular şikayət edir ki, onların 11 yaşlı qızları müqəddəs Ramazan ayında oruc tutmağı qərara alıb: "o onsuz da az yeyir, rəfiqələri oruc tutmağı qərara alıblar, o da onlardan fərqlənmək istəmir".
Əksəriyyətimiz belə seçim qarşısında qalırıq. Təkcə bizim uşaqlarımız yox, elə biz özümüz də izah edə bilmirik ki, nə üçün dünyəvi əsr birdən birə dinə meyilli olub. Doğrudanmı, ona görə ki, bütün ətrafdakılar oruc tutur və bu dəb halını alıb? Bəlkə, bu sağlamlığa xeyirdir. Bəziləri buna cavab tapıb və sozün hərfi mənasında pəhrizdə fayda görür. Müasir insan mənəvi səbəbi unudaraq bunu arıqlamaq məqsədi ilə və ya il ərzindəki yüngülləşmə ayı olaraq dəyərləndirir.
Bir çox məişət problemlərinin arasında insanlarda belə bir fikir yaranıb ki, çoxlarının dini unutduğu müasir cəmiyyətdə oruc tutmağa dəyərmi? Qısacası, insan din haqqında unutmayıb, sadəcə ondan asılılıq hissindən uzaqlaşıb. Hər hansı bir sağalmaz xəstəliyə düçar olarkən və ölümün yaxınlaşdığını hiss etdiyimiz zaman Uca Yaradanı xatırlayırıq.
Görünür, hər şey ondan başlanıb ki, elmi-texniki tərəqqi sayəsində biz təbiətdən asılılqdan bilavasitə azad olmuşuq. Biz ona görə namaz qılmırıq və ya kilsədə dua etmirik ki, yaxşı məhsul toplayaq və ya "canavarlar qoyunlarımızı parçalamasın". Əksəriyyətimiz ofislərdə çalışır və təbiətdən çox menecerlərdən asılıyıq. Bu il quraqlıq olubmu və ya məhsul az olub - bu, çalışan insanın ərzaqla təmin olunmasına heç bir təsir göstərmir. Biz qışda da istənilən supermarketə girib ərik və nar ala bilərik. Müasir insan özünü təbiətdən təcrid edərək özü üçün "kommunal cənnət" yaradıb. O, avtomobildə gəzir, təyyarə ilə uzaq məsafələr qət edir, aya turist göndərir.
Beləliklə, elmi-texniki tərəqqi bizi çoxlarının Tanrı anlayışı ilə əvəz etdiyi təbiətdən ayırıb. Bütün zamanlarda tufan, zəlzələ, vulkan püskürməsi kimi təbiət hadisələrini müşahidə edən insan Tanrını xatırlayırdı, çünki qorxurdu. İndi isə insan təbiətin dağıdıcı təsirinə qarşı dayanıqlı olan evlərdə yaşayır, kondisionerli avtomobildə gəzir, evdən çıxmadan informasiya, yemək, paltar və s. ala bilir. Bir sözlə, insan təbiətdən uzaqlaşıb və ondan azad olub.
Dünyəvi əsrdə həyatın belə ritmində insanın həqiqəti dərk etməyə vaxtı qalmır. Lakin insan taym-auta ehtiyac duyur, mənfəətpərəstlikdən uzaqlaşaraq yaranması barədə, Tanrı barədə fikirləşir. Müqəddəs kitablarda insanlara nəfsinə sahib olmaq və dua etmək əmr olunub. Ona görə də bu müddətdə dini ənənələrə riayət edən insanlar maddi və fiziki problemlər barədə düşünməməlidirlər. Bu anda dua etməklə və nəfsimizə hakim olmaqla bu dünyanın qanunlarından uzaqlaşmaq, qeyri-adilikləri hiss etmək üçün fürsət yaranır. Simon Veyl bu halı dəqiq təsvir edib: "Bir göz qırpımında dayanmaq, seyr etmək, təmiz intuisiya, zehni boşluq".
Demək olmaz ki, hər nəfsinə hakim olmağı bacaran və dua edən bu cür hisslər yaşayır. Ancaq dini ənənələrə riayət edən insanların qeyri-adi hisslər yaşamaq şansı daha çoxdur. Müqəddəs kitablar Tanrıya yönəlmək və ilahi qanunlara əməl etmək üçün bizə imkan yaradır. Dini qaydalara əməl edən, heç olmasa həftədə bir dəfə məsciddə ibadət edən insanlarda stresə qarşı psixoloji möhkəmlik yaranır.
Əlbəttə, müasir həyatda inam üçün az zaman qalır. Çünki çoxları elmin sayəsində əldə edilən şeylərə qiymət verirlər. Orucu belə elmi cəhətdən əmin olduqdan sonra tuturlar. Bu mənada inam faydasız görünür. Lakin inamsız cəmiyyətin mənəvi-əxlaqi xəstəliyi sağalmayacaq. Ona görə də biz dini irsimizi qorumalıyıq. Polşa filosofu Lesçek Kolakovkin deyib: "Əgər dini irs itərsə, onunla birlikdə pis və yaxşı arasındakı fərq də itəcək və o, sadəcə olaraq öz əhəmiyyətini itirəcək".
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]