Azərbaycan, Bakı, 31 avqust / Trend , müxbir K.Zərbalıyeva /
Bakıda yerləşən "Fatimeyi Zəhra" məscidinin sökülməsi ilə bağlı məhkəmə qərar qəbul edib.
Suraxanı Rayon İcra Hakimiyyəti rayon ərazisindəki Yeni Günəşli qəsəbəsi, V massivi, 33 ünvanında yerləşən "Fatimeyi Zəhra" məscidinin sökülməsi ilə bağlı 2 saylı Yerli İqtisad Məhkəməsinə iddia ilə müraciət edib.
"Fatimeyi Zəhra" dini icmasının nümayəndəsi, vəkil Rövşən Şirəliyev bazar ertəsi Trend -a bildirib ki, məhkəmə Suraxanı Rayon İcra Hakimiyyətinin iddiasını təmin edib və məscidin yerləşdiyi torpaq sahəsinin iddiaçıya verilməsi, məscidin sökülməsi və dini icmanın həmin ərazidən çıxarılması barədə qətnamə qəbul edib.
Trend -un arayışı: Suraxanı Rayon İcra Hakimiyyəti məscidin inşa olunduğu torpaq sahəsinin Bakı Şəhər İcra Hakimiyyəti başçısının sərəncamı ilə onlara verildiyini və məscidin qanunsuz tikildiyini əsas gətirərək, onun və ərazidəki yardımçı tikililərin sökülməsi tələbi ilə məhkəməyə müraciət edib.
"Fatimeyi Zəhra" məscidinin tikintisi Rayon İcra Hakimiyyəti tərəfindən dayandırılıb. "Fatimeyi Zəhra" dini icmasının üzvləri isə məscidə buraxılmır.
Bakı Şəhər İcra Hakimiyyəti başçısının 1996-cı il tarixli sərəncamı ilə Yeni Günəşli qəsəbəsində "Fatimeyi Zəhra" məscidinin tikintisi üçün 1 hektar 30 sot torpaq sahəsi ayrılıb.
Tikintinin aparılması üçün müvafiq sənədlər isə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən hazırlanıb.
Lakin Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov 2002-ci ilin sonunda, həmin torpaq sahəsinin uzun müddət istifadə olunmadığına görə, sərəncamın ləğv olunması və torpaq sahəsinin Suraxanı Rayon İcra Hakimiyyətinə idman və əyləncə kompleksinin tikintisi üçün ayrılması barədə sərəncam verib.
Həmin sərəncamdan sonra icma üzvləri Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Rauf Pənahovla görüşüb və o, həmin sərəncamın səhvən verildiyini və tikintinin aparılması üçün narahatlıq olmadığını bildirib.
Bu il Suraxanı Rayon İcra Hakimiyyəti həmin torpaq sahəsinin onlara ayrıldığını əsas gətirərək məhkəməyə müraciət edib.
Bakı Şəhər İcra Hakimiyyəti üçüncü tərəf kimi prosesə cəlb olunub.
Məhkəmə dini icmanın Bakı Şəhər İcra Hakimiyyətinin 2002-ci il tarixli sərəncamının ləğvini və Suraxanı Rayon İcra Hakimiyyətinin qanunsuz müdaxiləsinin qarşısının alınması barədə iddia tələbini təmin etməyib.
Vəkil qətnamədən apellyasiya şikayəti verəcəklərini bildirib.
Son bir ildə Bakıda qanunsuz tikildiyi əsas gətirilərək Məhəmməd Peyğəmbər məscidi və Neft Daşlarındakı məscid sökülüb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]