Azərbaycan, Bakı, 01 sentyabr / Trend , müxbir A.Hüseynbala /
Azərbaycanın Mətbuat Şurasının sədri "Diffamasiya haqqında" qanun layihəsi ilə bağlı məmurlarla jurnalistlər arasında dialoqların keçirilməsinə ehtiyac olduğunu düşünür.
"Qanun layihəsi parlamentin müzakirəsinə çıxarılmazdan əvvəl bu proses başa çatdırılmalıdir", - çərşənbə axşamı Trend -a Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.
Trend -un arayışı: "Diffamasiya haqqında" qanun layihəsi 2005-ci ildə ATƏT-in Bakı ofisinin dəstəyi ilə hazırlanıb. Onu hazırlayan işçi qrupa millət vəkillləri Qənirə Paşayeva, Azay Quliyev, jurnalist təşkilatlarının nümayəndələri, hüquqşünaslar daxildir.
Beynəlxalq təşkilatlar hesab edirlər ki, təhqirə və böhtana görə cinayət məsuliyyəti nəzərdə tutulan 147-ci (böhtan) və 148-ci (təhqir) maddələr Cinayət Məcəlləsindən çıxarılmalıdır.
Amaşovun sözlərinə görə, bir müddət əvvəl Avropa Şurasında keçirilən tədbirdə də "Diffamasiya haqqında" qanun layihəsi ilə bağlı məsələ müzakirə olunub. "Biz Avropanın tərkib hissəsi olduğumuzdan bu qanunun qəbulu zərurətdir", - şura sədri vurğulayıb.
Şura sədrinin sözlərinə görə, buna baxmayaraq, layihənin konkret nə vaxt müzakirəyə çıxarılacağını söyləmək mümkün deyil. "Hazırda həm kütləvi informasiya vasitələrinin, həm cəmiyyətin, xüsusən də məmurların bu qanunun tələblərinə necə əməl etmələri barədə araşdırmalar aparılır. Artıq ümumi rəy belədir ki, Azərbaycan üçün belə bir qanunun qəbulu labüddür", - Amaşov əlavə edib.
Onun fikrincə, layihə müzakirəyə çıxarılmazdan əvvəl müəyyən proseslər həyata keçirilməlidir. "Qanun layihəsi müzakirəyə çıxarılana qədər məmurlarla jurnalistlər, jurnalistlərlə cəmiyyət arasında dialoqlar təşkil edilməlidir. Zənnimcə, payızda bu cür tədbirlərin keçirilməsinə başlanılacaq", - şura sədri qeyd edib.
Azərbaycanda 3300-dən çох kütləvi infоrmаsyiа vаsitəsi qеydiyyаtdаn kеçib. Hаzırdа оnlаrdаn 600-ə yахını fəaliyyət göstərir. Təхminən 400-ə qədər qəzеt və jurnаl dərc оlunur, 20-dən yuхarı tеlеkаnаl fəаliyyət göstərir. Аzərbаycаndа 50-yə yaxın elektron KIV, təxminən 20 informasiya agentliyi vаr. Qalanları isə internet resurslarıdır.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]