Azərbaycan, Bakı,14 sentyabr / Trend , müxbir H.Bağırov /
"İdeal" qəzetinin baş redaktoru barəsindəki cinayət işi baxılması üçün məhkəməyə göndərilib.
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədən bazar ertəsi Trend -a verilən məlumata görə, baş redaktor Nazim Quliyevin cinayət işi üzrə hazırlıq iclası sentyabrın 18-nə təyin edilib.
"İdeal" qəzetinin təsisçisi Nazim Quliyev 2008-ci ilin oktyabr ayından axtarışda olub. Bakının Nəsimi rayon məhkəməsi 2008-ci il oktyabrın 29-da "Azəri-Türk" Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlının iddiası əsasında Quliyevin cinayət məsuliyyətinə cəlb olunması və onun barəsində həbs-qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul edib. Elə həmin vaxtdan onun barəsində axtarış elan olunub.
Quliyev Cinayət Məcəlləsinin 147.2 (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir), hədə-qorxu ilə tələb etmə (182) maddələri ilə ittiham olunur.
"İdeal" qəzeti Mətbuat Şurası tərəfindən "reket" qəzetlər siyahısına daxil edilib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]