Azərbaycan, Bakı,30 sentyabr / Trend , muxbir H.Bağırov/
Azərbaycandan Rusiyaya qaçaqmalçılıq yolu ilə narkotik vasitə daşımaqda ittiham olunan şəxsə hökm oxunub.
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədən çərşənbə günü Trend -a verilən məlumata görə, məhkəmənin hökmü ilə Bakı şəhər sakini Yusif Məmmədova 14 il azadlıqdan məhrumetmə cəzası verilib.
Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin qaçaqmalçılıq (206.2), qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən, külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma (234.4.1, 234.4.3) maddələri ilə ittiham olunub.
Məmmədov 2008-ci ilin dekabrında Bakı-Moskva qatarı ilə Rusiya Federasiyasının ərazisinə narkotik vasitə keçirərkən Dövlət Gömrük Komitəsinin əməkdaşları tərəfindən tutulub. Ondan 24 kq həşiş qətranı götürülüb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]