Azərbaycan, Bakı, 26 yanvar / Trend , müxbir H.Bağırov/
Azərbaycanda narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunan sabiq prokuror oğlunun apelyasiya şikayəti üzrə məhkəmə işə başlayıb.
Trend -un məlumatına görə, bu gün Bakı Apelyasiya Məhkəməsində Əzizbəyov rayonunun sabiq prokuroru Rəşid Həsənovun oğlu Yalçın Həsənovun Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmündən verdiyi apelyasiya şikayəti üzrə ilkin məhkəmə iclası keçirilib.
Məhkəmə baxışı fevralın 3-nə təyin olunub.
Xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirov, Bakı şəhərinin sabiq prokuroru Ədalət Mirsalamlının oğlu Mahir Mirsalamlı, Əzizbəyov rayonunun sabiq prokuroru Rəşid Həsənovun oğlu Yalçın Həsənov, Elşən Rüstəmov, Əli İsmayılov, Zubiyə Qulami, Vüqar Əliyev, Ramin Həsənov, Kamilə Eyvazova, Elşən Budaqov, Həsən Həsənov, Mirəli Əliyev, Ruslan Rüstəmov və Ruslan Zalıyev Cinayət Məcəlləsinin 206-cı (qaçaqmalçılıq), 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) və 234.4.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham olunublar.
Təqsirləndirilən şəxslər ötən ilin mayında Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində həbs ediliblər. Onlardan narkotik vasitə olan "ekstazi" aşkarlanıb.
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Yalçın Həsənov 8 il, Həsən Həsənov 7 il 3 ay, Ruslan Rüstəmov 7 il 3 ay, Ruslan Zalıyev 2 il, Vüqar Əliyev 2 il, Cavid Əliyev 2 il, Zubayə Qulami 6 il, Əli İsmayılov 7 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.
Orxan Nadirov 11 ay, Kamilə Eyvazova 10 ay, Ramin Həsənov 10 ay, Elşən Budaqov 9 ay və Mirəli Əliyevə 9 ay cəza verilib və onların həbsdə olduqları müddət cəza müddətinə hesablanaraq məhkəmə zalından azad olunublar.
Xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirovun əməli Cinayət Məcəlləsinin cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən cinayəti gizlətmə (307) maddəsi ilə tövsif olunub.
Bakı şəhər prokurorluğunun sabiq rəhbəri Ədalət Mirsalamlının oğlu Mahir Mirsalamlının ağır xəstə olmasını əsas gətirərək məhkəmə onun barəsindəki cinayət işini ümumi işdən ayırmaq və cinayət işinin icraatını dayandırmaq barədə qərar qəbul edib.
Təqsirləndirilən şəxslərdən Həsən Həsənov, Rüstəm Rüstəmov, Əli İsmayılov və Zubayə Qulaminin apelyasiya şikayətinə bir müddət əvvəl Bakı Apelyasiya Məhkəməsində baxılıb və məhkəmənin onların barəsində çıxardığı hökm qüvvədə saxlanılıb.