Azərbaycan, Bakı, 14 aprel /Trend, müxbir H.Bağırov/
Azərbaycanda qəsdən adam öldürməkdə ittiham olunan hərbi qulluqçuya hökm oxunub.
Trend-in məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmənin hökmü ilə Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin əsgərləri - Araz Abdullayev 13 il, Fəxri Babayev 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Abdullayev 2009-cu il avqustun 5-də xidmət etdiyi hərbi hissədə postda xidmət aparan əsgər Həsənov Səyyaf Ələddin oğlunun postda yatdığını görüb avtomatdan atəş açaraq onu qətlə yetirib.
Digər təqsirləndirilən Fəxri Akif oğlu Babayev isə hadisə baş verən vaxt nizamnamə tələblərini kobud surətdə pozaraq səngərdə yatıb.
Abdullayev Cinayət Məcəlləsinin xuliqanlıq niyyəti ilə qəsdən adamöldürmə (120.2.2), təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adamöldürmə (120.2.9), Babayev isə döyüş qaydalarını pozma, Azərbaycan Respublikasına qəfil hücumun vaxtında aşkara çıxarılması və dəf olunması üzrə, yaxud onun təhlükəsizliyinin təmin edilməsi üzrə döyüş növbəsi (döyüş xidməti) çəkmə qaydalarını pozma, əgər bu əməllər dövlətin təhlükəsizlik mənafelərinə zərər vura bilərdisə (338.1) maddələri ilə ittiham olunublar.