Azərbaycan, Bakı, 21 aprel /Trend, müxbir H.Bağırov/
Azərbaycanda polis əməkdaşını qətlə yetirməkdə ittiham olunan şəxsin apelyasiya şikayəti təmin edilib. Trend-in məlumatına görə, bu gün Sumqayıt Apelyasiya Məhkəməsində Respublika Dövlət Yol Polisi İdarəsinin əməkdaşını qətlə yetirməkdə ittiham olunan Kəlbəcər rayon sakini, 28 yaşlı Rasim Adil oğlu Məmmədovun apelyasiya şikayəti üzrə qərar elan edilib.
Qərara görə, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü dəyişdirilib və Məmmədovun ittiham olunduğu Cinayət Məcəlləsinin xuliqanlıq niyyəti ilə adamöldürmə (120.2.2), xüsusi amansızlıqla adamöldürmə (120.2.4), xuliqanlıq (221) maddələri Cinayət Məcəlləsinin ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəbolma (126.3) maddəsinə tövsif edilib. Məhkəmə Məmmədovun barəsində həmin maddə ilə 9 il azadlıqdan məhrumetmə cəzası təyin edib.
Məmmədov Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə 13 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Məmmədov ötən il iyunun 1-də Bakı-Quba yolunun 90-cı km-də, Siyəzən rayonu ərazisindəki Xıdır Zində pirinin yaxınlığında Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşı, polis baş çavuşu Elçin İlyasovla mübahisə zəminində onu döyərək qətlə yetirmişdi.
Məmmədov idarə etdiyi "Opel Vectra" markalı maşınla Bakı-Quba yolunda yüksək sürətlə hərəkət etdiyi üçün yol polisi tərəfindən saxlanılıb. Bu zaman onun yanında qeyri-qanuni birgə yaşadığı qadın və uşağı olub. Yol polisi ilə razılıq əldə ediləndən sonra o, yoluna davam edib. Bu zaman növbəsi bitdiyi üçün Elçin İlyasov da onunla birgə Bakıya gəlmək üçün maşına əyləşib. Lakin Siyəzən rayonu ərazisində Xıdır Zində pirinin yaxınlığında sürücü ilə polis əməkdaşı arasında mübahisə baş verib. Nəticədə Rasim Məmmədov Elçin İlyasova çoxsaylı zərbələr endirərək qətlə yetirib.