Azərbaycan, Bakı, 22 aprel /Trend, müxbir K.Zərbalıyeva/
Mirzə Ələkbər Sabir adına kitabxanada cümə axşamı Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, şairə Xəzangül Hüseynovanın yaradıcılığına həsr olunmuş tədbir keçirilib.
Tədbirdə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin uşaq ədəbiyyatı şöbəsinin müdiri Qəşəm Nəcəfzadə yaradıcılıq hesabatı verən müəllifi 1979-cu ildən bəri tanıdığını bildirib. Nəcəfzadə Hüseynovanın 70-ci illərin sonu, 80-ci illərin əvvəllərində ədəbiyyata gələn ən maraqlı qələm sahiblərindən biri olduğunu diqqətə çatdırıb.
Səkkiz kitab müəllifi olan Xəzangül Hüseynovanın Türkiyə və Gürcüstanda da kitabları işıq üzü görüb. Həmin kitablardan biri gürcü, biri isə türk dilinə tərcümə olunub.
Tədbirdə çıxışlardan sonra şairənin şeirləri məktəblilərin dilindən səslənib. Hüseynova Türkiyə Avrasiya Yazarlar Birliyinin də üzvüdür. Hazırda müəllifin "Bitməyən xəzan" kitabı rumın dilinə tərcümə edilir.
Müəllif çıxışında ədəbiyyatımıza bundan sonra da tövhə verməyə davam edəcəyini bildirib.