Azərbaycan ombudsmanının müdaxiləsi ilə şikayətçinin pozulmuş hüquqları bərpa edildi

Cəmiyyət Materials 28 Aprel 2010 19:46 (UTC +04:00)
Quba rayonu, Hacıhüseynli kənd sakini Azərbaycanın insan hüquqları üzrə müvəkkilinə şikayət ərizəsi ilə müraciət edərək, Aqrar İslahat Komissiyası və həmin kənd bələdiyyəsi tərəfindən ona ayrılmış torpaq sahəsinin sənədləşdirilmədiyini bildirib...
Azərbaycan ombudsmanının müdaxiləsi ilə şikayətçinin pozulmuş hüquqları bərpa edildi

Azərbaycan, Bakı, 28 aprel /Trend/

Quba rayonu, Hacıhüseynli kənd sakini Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanovaya şikayət ərizəsi ilə müraciət edərək, Aqrar İslahat Komissiyası və həmin kənd bələdiyyəsi tərəfindən ona ayrılmış torpaq sahəsinin sənədləşdirilmədiyini bildirib, ombudsmanın bu məsələdə kömək göstərməsini xahiş edib. Bu barədə Ombudsman Aparatının mətbuat xidməti məlumat verib.

Müvəkkil ərizədə əks etdirilən halların araşdırılmasını Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə və Hacıhüseynli bələdiyyəsinə tapşırıb.

Komitədən bildirilib ki, "Torpaq islahatı haqqında" qanunun 20-ci maddəsinə əsasən, yerlərdə torpaq islahatı yerli və rayon Aqrar İslahat komissiyaları tərəfindən aparılaraq, torpaq payı almaq hüququ olan subyektlərin siyahısına uyğun surətdə, vətəndaşların mülkiyyətinə torpaq payları verilib. Lakin islahatlar aparılan zaman ərizəçi qadın Quba rayonu, Digah kəndinə gəlin köçdüyünə görə onun adı müvafiq siyahıya daxil edilməyib, bu səbəbdən ona torpaq payı verilməyib.

Hacıhüseynli bələdiyyəsindən verilən məlumata görə, görülmüş tədbirlər nəticəsində həmin bələdiyyə tərəfindən ərizəçiyə torpaq sahəsi ayrılıb. Quba rayonunda hərrac aparılarkən mövcud qanunvericiliyə uyğun olaraq, həmin torpaq sahəsi ərizəçinin adına sənədləşdiriləcək.

Xəbər lenti

Xəbər lenti