...

Baş Prokurorluq iki polis zabitinin qətlində təqsirli bilinən şəxsin ömürlük cəzalandırılması ilə bağlı apelyasiya protesti verib

Cəmiyyət Materials 5 May 2010 17:04 (UTC +04:00)
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədən Trend-ə verilən məlumata görə, Bakı şəhər sakini 33 yaşlı Sahib Həsənovun cəzasının ağırlaşdırılması ilə bağlı Baş Prokurorluğun ittiham idarəsinin prokuroru Ehtiram Baxışəliyevin imzası ilə məhkəməyə apelyasiya protesti təqdim edilib.
Baş Prokurorluq iki polis zabitinin qətlində təqsirli bilinən şəxsin ömürlük cəzalandırılması ilə bağlı apelyasiya protesti verib

Azərbaycan, Bakı, 5 may /Trend, müxbir H.Bağırov/

Baş Prokurorluq iki polis zabitinin qətlində təqsirli bilinən şəxsin ömürlük cəzalandırılması ilə bağlı apelyasiya protesti verib.

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədən Trend-ə verilən məlumata görə, Bakı şəhər sakini 33 yaşlı Sahib Həsənovun cəzasının ağırlaşdırılması ilə bağlı Baş Prokurorluğun ittiham idarəsinin prokuroru Ehtiram Baxışəliyevin imzası ilə məhkəməyə apelyasiya protesti təqdim edilib.

Prokurorluq Həsənovun ömürlük azadlıqdan məhrum edilməsini istəyib. Təqsirləndirilən şəxs isə cəzasının yüngülləşdirilməsi üçün apelyasiya şikayəti verib.

Məhkəmədən bildiriblər ki, apelyasiya protesti və şikayəti baxılması üçün cinayət işinin materialları yaxın günlərdə Bakı Apelyasiya Məhkəməsinə göndəriləcək.

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Həsənov cəzasının 7 ilini həbsxana rejimində çəkməklə 15 il müddətinə azadlıqdan məhrum edilib.

Həsənov 2006-cı il yanvarın 25-də Sabunçu rayon 14-cü polis bölməsinin xidmətdə olan əməkdaşları - polis kapitanı Rövşən Rəhimov və polis leytenantı İlqar Ağayevin qətlində təqsirli bilinir.

Müəyyən edilib ki, 2006-cı ildə Bilgəh qəsəbəsində baş verən hadisə yerindən qayıdan həmin polis əməkdaşlarının olduğu avtomobil avtomat və tapança ilə silahlanmış Nardaran sakinləri - əvvəllər qəsdən sağlamlığa ağır zərərvurma cinayətinə görə dəfələrlə məhkum olunmuş Ramiz Həsənov, əvvəllər məhkum olunmuş Həsən Əzimov, İlham Quliyev, Sahib Həsənov və başqaları tərəfindən saxlanılıb.

Onların dərhal açdığı atəş nəticəsində başından güllə yarası alan Rövşən Rəhimov hadisə yerində həlak olub, İlqar Ağayev isə ağır yaralanıb.

Hücum edənlərin davamlı atəşinə cavab olaraq polis leytenantı İlqar Ağayev xidməti silahdan istifadə etməklə Ramiz Həsənovu öldürüb, Həsən Əzimovu və İlham Quliyevi yaralayıb. Lakin aldığı güllə yarasından İlqar Ağayev özü də həlak olub.

Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin qəsdən adamöldürmə (120.2.1, 120.2.3, 120.2.10, 120.2.10), quldurluq (181), qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldəetmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə (228) maddələri ilə ittiham olunur.

Xəbər lenti

Xəbər lenti