...

Azərbaycanlı professor Qəzənfər Paşayevin "Borcumuzdur bu ehtiram" adlı kitabının təqdimat mərasimi keçirilib (FOTO)

Cəmiyyət Materials 11 İyun 2010 15:13 (UTC +04:00)
Azərbaycanlı professor, filologiya elmləri doktoru Qəzənfər Paşayevin yeni - "Borcumuzdur bu ehtiram" adlı kitabının cümə günü təqdimat mərasimi keçirilib.
Azərbaycanlı professor Qəzənfər Paşayevin "Borcumuzdur bu ehtiram" adlı kitabının təqdimat mərasimi keçirilib (FOTO)

Azərbaycan, Bakı, 11 iyun /Trend, müxbir M. Əliyev/

Azərbaycanlı professor, filologiya elmləri doktoru Qəzənfər Paşayevin yeni -  "Borcumuzdur bu ehtiram" adlı kitabının cümə günü təqdimat mərasimi keçirilib.

"Bu günədək bir çox kitablar yazmışam, lakin "Borcumuzdur bu ehtiram" adlı kitab mənim üçün ən önəmli yerlərdən birini tutur. Çünki kitab ümid və güvənc yerimiz olmuş böyük şəxsiyyətlərdən bəhs edir", - bu barədə jurnalistlərə kitabın müəllifi bildirib.

Kitabda Qəzənfər Paşayevin ünsiyyətdə olduğu, əksəriyyəti ilə illərboyu dostluq etdiyi, dünyasını dəyişmiş dəyərli insanlar haqqında fikirləri, düşüncələri yer alır. "Borcumuzdur bu ehtiram" adlı kitabda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev, Səməd Vurğun, Rəsul Rza, Bəxtiyar Vahabzadə, İhsan Doğramacı kimi şəxsiyyətlər barədə yazılar var.

Kitabın təqdimatı zamanı millət vəkili Nizami Cəfərov bildirib ki, Qəzənfər Paşayev "Borcumuzdur bu ehtiram" adlı kitabda müxtəlif zamanda, yerdə yaşayan böyük şəxsiyyətləri toplayıb.

"Qəzənfər Paşavey öz əsərləri ilə Azərbaycan ictimai fikrinə böyük töhfələr verir", - Cəfərov deyib. Onun sözlərinə görə, bu gün İraq türkmənlərı mövzusunda danışarkən, ilk növbədə, Qəzənfər Paşayev yada düşür.

Kitabın təqdimatında millət vəkili Qənirə Paşayeva deyib ki, Qəzənfər Paşayevin kitabları Sovetlər İttifaqı vaxtı ən çox oxunan və sevimli kitablardan olub. "Onun kitablarını sevimli edən sadə folklorla yanaşı, milli ruhdan doğan mesajların da yer almasıdır", - deyən Paşayeva bildirib ki, Qəzənfər Paşayev İraqda yaşayan mədəniyyəti və dili azərbaycanlılarla oxşar insanları bizim üçün kəşf edib.

"Borcumuzdur bu ehtiram" kitabı barədə danışan millət vəkili bildirib ki, bu kitabın uğuru səmimiyyətindədir.

"Bu kitabda Vətən üçün dəyərli olan insanlar gözəl şəkildə cəmiyyətə çatdırılıb", - Paşayeva vurğulayıb.

Millət vəkili Aqil Abbas çıxışı zamanı bildirib ki, "Borcumuzdur bu ehtiram" adlı kitab böyük bir elmi işdir, ciddi araşdırmadır. "Kitabın qəribə coğrafiyası var - hər bölgədən olan ən məşhur şəxsiyyətlər haqda məlumatlar var", - Aqil Abbas bildirib.

Xəbər lenti

Xəbər lenti