...

Azərbaycanın işğal olunmuş ərazisində rus-pravoslav kilsəsinin inşa edilməsi beynəlxalq hüququn prinsiplərinə və ölkəmizin ərazi bütövlüyünə qarşı hörmətsizlikdir - DQİDK

Cəmiyyət Materials 21 İyun 2010 14:58 (UTC +04:00)
Komitə sözçüsü bildirib ki, beynəlxalq təşkilatların və dünya ictimaiyyətinin işğal olunmuş ərazi kimi tanıdığı Dağlıq Qarabağda Azərbaycanın rəsmi icazəsi olmadan, separatçı rejimin rəhbərləri ilə birgə Allah evinin təməlinin qoyulmasına nə dünyəvi, nə də İlahi qanunlarla haqq qazandırmaq mümkündür.
Azərbaycanın işğal olunmuş ərazisində rus-pravoslav kilsəsinin inşa edilməsi beynəlxalq hüququn prinsiplərinə və ölkəmizin ərazi bütövlüyünə qarşı hörmətsizlikdir - DQİDK

Azərbaycan, Bakı, 21 iyun /Trend, müxbir K. Zərbalıyeva/

Azərbaycanın işğal olunmuş ərazisində - Xankəndi şəhərində rus-pravoslav kilsəsinin inşa olunması və bu münasibətlə təməlqoyma mərasiminin keçirilməsi beynəlxalq hüququn prinsiplərinə və ölkəmizin ərazi bütövlüyünə qarşı hörmətsizlikdir. Bu barədə bazar ertəsi Trend-in sorğusuna cavab olaraq, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Saleh Aslanov bildirib.

Komitə sözçüsü bildirib ki, beynəlxalq təşkilatların və dünya ictimaiyyətinin işğal olunmuş ərazi kimi tanıdığı Dağlıq Qarabağda Azərbaycanın rəsmi icazəsi olmadan, separatçı rejimin rəhbərləri ilə birgə Allah evinin təməlinin qoyulmasına nə dünyəvi, nə də İlahi qanunlarla haqq qazandırmaq mümkündür.

"Bunu edənlər təkcə beynəlxalq qanunlar deyil, həm də Böyük Yaradan qarşısında məsuliyyət daşıyırlar", - Aslanov deyib.

Mətbuat xidmətinin rəhbəri qeyd edib ki, sülhün, sabitliyin, ədalətin təmsilçisi və müdafiəçisi olan səmavi dinlər, xüsusilə onlara xidmət göstərən din xadimləri tarixi məsuliyyətlərini dərk etməli və təcavüzkarlarla eyni sırada dayanmamalıdırlar.

"Əks təqdirdə bu, milyonlarla ardıcılı olan bir dini təmsil edənlərə və böyük nüfuza malik yüksək bir quruma - Rus-Pravoslav Kilsəsinə başucalığı gətirməyəcək", - Aslanov deyib.

İyunun 18-də Azərbaycanın işğal olunmuş ərazilərində "Müqəddəs Məryəm" rus pravoslav kilsəinin təməlqoyma mərasimi keçirilib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnamə Ermənistan tərəfindən bu günə qədər yerinə yetirilməyib.

Xəbər lenti

Xəbər lenti