...

Azərbayсan milli mətbuatının 135 illiyi ilə bağlı Yevlax şəhərində konfrans keçirilib (FOTO)

Cəmiyyət Materials 29 İyun 2010 16:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 iyun /Trend, müxbir M.Əliyev/

Azərbaycanın Yevlax şəhərində "Azərbayсan milli mətbuatı 135: tarixi nailiyyətlər və perspektivlər" mövzusunda konfrans keçirilib.

Yevlax şəhər İсra Hakimiyyətinin başçısı Elmar Vəliyev milli mətbuatın 135 illik yubileyi ilə əlaqədar ölkə miqyaslı tədbirlərə bu bölgədən başlanılmasını bütün yevlaxlılar üçün yüksək etimad kimi dəyərləndirib. O, Yevlaxın "Kür" qəzetinin 75 yaşının da yubiley ilinə təsadüf etdiyini vurğulayaraq bu tarixin də tezliklə geniş miqyasda qeyd olunacağını bildirib.

Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin mətbuat və informasiya orqanları ilə iş sektorunun müdiri Vüqar Əliyev ölkə başçısının müvafiq sərəncamında Azərbaycan mətbuatının təşəkkülü və inkişafının dolğun ifadəsini tapdığını vurğulayıb, bunun kifayət qədər ətraflı mövzu olduğunu diqqətə çatdırıb, konkret məqamlar barədə təhlillər verib.

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov təməli Həsən bəy Zərdabinin "Əkinçi" qəzeti ilə yaradılan milli jurnalistikamızın 135 ildə keçdiyi yol barədə danışıb. O bildirib ki, bu bayram milli müstəqilliyimizin xalqımıza bəxş etdiyi ən böyük nemətdir. Şura sədri yubileyin belə geniş miqyasda keçirilməsinin yalnız Həsən bəyə, onun "Əkinçi"sinə, məsləkdaşlarına, davamçılarına verilən qiymət deyil, həm də mediamızın on illər boyu keçdiyi şərəfli yola baxış kimi dəyərləndirib.

Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli qurumun fəaliyyəti barədə ətraflı söhbət açıb. O, fondun keçirdiyi müsabiqələr, konfranslar, seminarlar barədə danışaraq bölgə qəzetlərinin bu istiqamətdə reallaşdırılan tədbirlərdə fəal iştirakını önə çəkib.

Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə ölkə mediasının maddi-texniki durumunun yaxşılaşdırılması, peşəkar jurnalist kadrlarının hazırlanması, mətbuatın saf təməllər üzərində inkişafını təmin edən tədbirlərin kütləvi informasiya vasitələrimizin tələblər səviyyəsində formalaşmasına verdiyi təkandan söhbət açıb. Millət vəkili İlham Məmmədovun da çıxışında əsasən həmin cəhətlərə toxunulub.

Xəbər lenti

Xəbər lenti