...

Azərbaycanda dini qruplaşmaların təsiri altına düşmənin kökündə dini savadsızlığın da payı var - komitə sədri Hidayət Orucov

Cəmiyyət Materials 8 İyul 2010 12:28 (UTC +04:00)
Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri hesab edir ki, Azərbaycanda dini savadsızlıq radikal dini qruplaşmalara meyillənməyə şərait yaradır.
Azərbaycanda dini qruplaşmaların təsiri altına düşmənin kökündə dini savadsızlığın da payı var - komitə sədri Hidayət Orucov

Azərbaycan, Bakı, 8 iyul /Trend, müxbir T.Hacıyev/

Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri hesab edir ki, Azərbaycanda dini savadsızlıq radikal dini qruplaşmalara meyillənməyə şərait yaradır.

"Sirr deyil ki, bu gün ölkəmizdə dini-maarifçilik sahəsində görüləsi işlər çoxdur. Vətəndaşlarımızın radikal dini qruplaşmaların, qeyri-ənənəvi din və təriqətlərin təsiri altına düşmələrinin, mövhumata, xurafata meyillənməsinin kökündə dini savadsızlığın da payı var. Xeyir-şər məsələlərində də dini savadsızlıqdan irəli gələn çatışmazlıqlara rast gəlinir", - Trend-in məlumatına görə, bunu hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində komitənin sədri Hidayət Orucov bildirib.

Orucov deyib ki, son illərdə ölkəmizdə qızların erkən yaşda ərə verilməsi hallarına da rast gəlinir.

"Təəssüf ki, bunu dinimizlə əlaqələndirənlərə də rast gəlmək mümkündür. Bu, sadəcə, problemə səthi yanaşmağın əlamətidir. Hələ orta təhsilini tamamlamayan qızlarımızın ailə qurmaları, təbii ki, valideynlərinin təşəbbüsü və razılığı ilə baş verir. Həyat təcrübəsi göstərir ki, erkən yaşda qurulan ailələrin böyük əksəriyyəti uğurlu alınmır və qısa müddət sonra dağılır. Bu faciədir! Buna görə də orta məktəblər, ictimaiyyət, müvafiq icra qurumları, eyni zamanda, əlbəttə, din xadimləri bu məsələyə çox həssas yanaşmalı və öz münasibətini bildirməlidirlər. Din xadimlərimiz Qafqaz Müsəlmanları İdarəsinin bu məsələ ilə bağlı fətvalarını rəhbər tutmalıdırlar. Bütün bunlarla yanaşı, xüsusi qeyd edim ki, son vaxtlar respublikamızda ali təhsil almış ilahiyyatçıların fəaliyyətə başlamaları bizə gələcəyə nikbin baxmağa əsas verir", - Dövlət Komitəsinin sədri əlavə edib.

Xəbər lenti

Xəbər lenti