...

Azərbaycan Ekologiya Nazirliyi havaların isti və quraq keçməsi ilə əlaqədar yanğınların başvermə təhlükəsinin artmasına dair xəbərdarlıq edib

Cəmiyyət Materials 17 İyul 2010 12:44 (UTC +04:00)
Nazirliyin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, bəzi fermer və digər torpaq mülkiyyətçilərinin məsuliyyətsizliyi üzündən Ləcət-Yalama avtomobil yolunun Yaqublu kəndinin yaxınlığında yolun sağ tərəfində kövşənə od vurulması nəticəsində yanğın hadisəsi baş verib.
Azərbaycan Ekologiya Nazirliyi havaların isti və quraq keçməsi ilə əlaqədar yanğınların başvermə təhlükəsinin artmasına dair xəbərdarlıq edib

Azərbaycan, Bakı, 17 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ərazisində havaların isti və quraq keçməsi ilə əlaqədar meşələrdə və dövlət meşə fonduna daxil olmayan yaşıllıq ərazilərdə yanğınların başvermə təhlükəsinin artmasına dair növbəti xəbərdarlığını yayıb.

Nazirliyin mətbuat xidmətindən şənbə günü Trend-ə bildiriblər ki, bəzi fermer və digər torpaq mülkiyyətçilərinin məsuliyyətsizliyi üzündən Ləcət-Yalama avtomobil yolunun Yaqublu kəndinin yaxınlığında yolun sağ tərəfində kövşənə od vurulması nəticəsində yanğın hadisəsi baş verib.

Şimal istiqamətindən əsən külək nəticəsində yanğın meşə fondu ərazisinə keçərək 0,04 hektar (4 sot) ərazini əhatə edib, lakin həmin ərazi meşə ilə örtülü olmadığına görə meşə fonduna ziyan dəyməyib.

Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin, Fövqəladə Hallar Nazirliyinin regional xidmət idarəsinin, rayon icra nümayəndəliyinin işçilərinin və əhalinin köməkliyi ilə yanğın vaxtında və operativ qaydada söndürülüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi havaların isti və quraq keçməsi ilə əlaqədar əhalini bir daha təbiətdə olarkən odla ehtiyatlı olmağa və yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə çağırır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən respublikamızın meşələrində, həmçinin meşə fonduna daxil olmayan digər yaşıllıqlarda yanğın təhlükəsinin qarşısının alınması məqsədilə Azərbaycan Respublikası "Yanğın təhlükəsizliyi haqqında" qanunun tələblərinə uyğun olaraq hər il qabaqlayıcı profilaktik tədbirlər həyata keçirilir. Əhali arasında, fermer və digər torpaq mülkiyyətçiləri ilə mütəmadi olaraq izahat işləri aparılır, bir çox yerlərdə meşəətrafı ərazilərin minerallaşdırılması (yanğın əleyhinə zolaqların çəkilməsi) üçün müvafiq tədbirlər görülür.

Nazirlik ötən ayın ortalarında da bununla bağlı xəbərdarlıq yaymışdı.

Xəbər lenti

Xəbər lenti