...

"Dünyanın informasiya nəhəngləri "Trend"i öz sıralarına qəbul ediblər"

Cəmiyyət Materials 5 Avqust 2010 17:59 (UTC +04:00)
Trend İnformasiya Agentliyinin beynəlxalq əməkdaşlıq üzrə direktoru Elçin Hüseynovun Milli.Az xəbər portalına müsahibəsi
"Dünyanın informasiya nəhəngləri "Trend"i öz sıralarına qəbul ediblər"

Trend İnformasiya Agentliyinin beynəlxalq əməkdaşlıq üzrə direktoru Elçin Hüseynovun Milli.Az xəbər portalına müsahibəsi

- Azərbaycan Milli Mətbuatının 135 illik yubileyi bu il təntənə ilə qeyd edildi. Yüksəksəviyyəli yubiley tədbirləri, xüsusilə, dövlət başçısı tərəfindən imzalanan mühüm sərəncamların medianın bundansonrakı inkişafinda rolu barədə fikirlərinizi bilmək maraqlı olardı...

- Azərbaycanda Milli Mətbuat Günü hər il təntənə ilə qeyd olunur və bu artıq bir ənənədir. Milli Mətbuatımızın 135 illik yubiley tədbirləri bu il ölkə başçısının xüsusi fərmanı ilə ən yüksək səviyyədə qeyd edildi. Prezident İlham Əliyevin yubiley ərəfəsində jurnalistlərə fəxri adların verilməsi, medallarla təltif olunması, media orqanlarına birdəfəlik maddi yardımların ayrılması, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair imzaladığı sərəncamlar, şübhəsiz, jurnalistlərin əməyinə verilən yüksək dəyərdir. Bu isə öz növbəsində, mətbuat işçilərinin fəaliyyətinə yeni stimul verir və bu sahənin inkişafında öz müsbət rolunu oynayacaq. Qürurla bildirmək istərdim ki, mükafatlandırılanlar arasında Trend Agentliyi də var idi.

Sürətlə inkişaf edən və güclənən Azərbaycan daha nüfuzlu, müstəqil, obyektiv mətbuata malik olmalıdır və bu gün Milli Mətbuatımiz məhz bu tempə uyğun inkişaf edir.

- Bu il Milli Mətbuatın 135 illik yubileyi ilə eyni vaxta təsadüf edən başqa bir əlamətdar hadisə də var - Trend Agentliyinin 15 illik yubileyi. Agentlik 15 yaşını qeyd edəcəkmi?

- Bəli, Trend bu ilin sentyabrında öz 15 illiyini qeyd edəcək. Yubileyə hazırlıq işləri gedir.

- Dünyada Trend in yeri necə xarakterizə olunur? Və siz özünüzü hansı pillədə görürsünüz?

- Mən bu suala birmənalı cavab verərdim, amma bu cavab şablon və ya qeyri-təvazökar səslənməsin deyə, gəlin, fikrimi faktlarla əsaslandırım.
15 il milli mətbuat məkanında movcud olan Trend Agentliyi hal-hazırkı inkişaf strategiyasını 4 il bundan əvvəl müəyyənləşdirib. Bu dövrdə Trend dünya miqyasında tanınan Xəzər və Orta Asiya regionunun nüfuzlu informasiya mənbəyi kimi qəbul olunub.

Azərbaycanın informasiya məkanında layiqli yer tutmaq, cəmiyyətin etimadını qazanmaq asan iş deyildi. Amma biz qarşımıza bundan da çətin və məsuliyyətli vəzifələr qoymuşuq - dünyanın nüfuzlu media dairələrinin sırasında olmaq, orada oxunmaq, birbaşa istinad mənbəyinə çevrilmək və beləcə, ölkəmizin nailiyyətlərini dünyaya çatdırmaq.

O zaman biz məqsədimizə nail olmaq üçün müxtəlif xarici dilləri bilən istedadlı gəncləri topladıq və onlar xarici müəllimlərin köməyi ilə beynəlxalq jurnalistika məktəbi keçdilər. Eyni zamanda, əsas hədəfimiz onları əhatə etdikləri sahələr üzrə ekspert kimi yetişdirmək idi.

Hazırda Trend Agentliyində bir neçə xarici dili bilən peşəkar jurnalistlərdən ibarət komanda işləyir. Onların hazırlıq səviyyəsi və topladıqları təcrübə materialların dünyada qəbul edilmiş tərtibat və üslubda çatdırılmasına imkan yaradır. Məhz bu təcrübənin nəticəsi olaraq, nüfuzlu beynəlxalq media qurumları Xəzər regionu ilə bağlı aktual məsələlərin xarici dillərdə şərh və analizi üçün bizim jurnalistlərə müraciət edirlər.

Dünyanın aparıcı reytinq agentliyi "Moody`s İnternational" Trend Agentliyinə menecmentin beynəlxalq standartlara uyğunluğu ilə bağlı sertifikat verib. Bunun üçün həmin təşkilatın ekspertləri bir neçə il Trend Agentliyində iş aparıb, şirkətimizdə beynəlxalq menecmentlik sistemini qurublar.

- Beynəlxalq media məkanına məlumatlarınızın çıxışı, yayımlanması necə həyata keçirilir?

- Trend in məlumatları bu gün dünyanın ən məşhur və mötəbər məlumat bazalarına daxil olunur. Bu çox çətin bir yol idi. Bu bazalara daxil olmaq üçün Trend sınaq müddətindən uğurla keçdi. Bu bazalara daxil olmaqla bir çox ölkələrin rəsmi dailrələri, beynəlxalq qurumları, mötəbər KİV-i oradan Azərbaycan, Xəzər və Mərkəzi Asiya regionu haqqında məlumatları operativ şəkildə həm də Trend dən əldə edirlər.

Ən müasir texnologiyaları uğurla tətbiq etməklə Trend , öz oxucu auditoriyasının coğrafiyasını daha da genişləndirir. Hazırda Trend in kommersiya əhəmiyyətli məlumatlarını dünyanın 60-dan çox ölkəsində mobil telefonlarda sms vasitəsilə onlayn rejimdə izləmək mümkündür. Eyni zamanda, agentlik aparıcı sosial şəbəkələr, xüsusilə "Facebook", "Twitter"lə əmədaşlıq edir.

- Trend uzun illərdir, Azərbaycanı rusdilli məkanda təmsil edib. Bəs bu gün necə, dünya ilə hansı dildə danışırsınız?

- Siz düz qeyd etdiniz ki, Trend neçə illərdir ki, Azərbaycanı çoxmilyonlu rusdilli media məkanında təmsil edir. Bu gun isə Trend dünyada rus redaksiyası olan xarici media qurumları arasında aparıcı movqelərdən birini tutur. Bununla yanaşı, Trend ingilis, fars, ərəb redaksiyalarının peşəkar fəaliyyəti nəticəsində digər dillərdə də uğur qazanıb. Bildiyiniz kimi, Trend öz informasiya və analitik məhsullarını 5 dildə yayır.

- Trend Agentliyi ölkə içində daha çox işlər görüb, yoxsa sərhədlər xaricində?

- İcazə verin, mən bu fikrinizlə razılaşmayım. İnformasiya agentliyinin daxilə və yaxud xaricə hesablanması anlayışı yoxdur, agentlik elə agentlikdir. Onun öz missiyası var və işinin keyfiyyətindən asılı olaraq, onu həm ölkə daxilində, həm də xaricdə tanıyırlar, yaxud da heç tanımırlar. Mən sırf yerli bazarda oturmalıyam, yaxud da mən sırf xarici bazara çıxmalıyam iddiaları ilə agentlik üçün işləmək gülüncdür. İnformasiya daşıyıcısı olmaq çoxşaxəli, çətin missiyadır. Bu missiyanı effetkli şəkildə, peşəkarcasına həyata keçirə bilirsənsə, deməli, sənin tanınma, qəbulolunma miqyasın da genişdir.

- Trend dünyanın informasiya nəhəngləri ilə ayaqlaşa bilirmi?

- Dünyanın aparıcı media qurumları, dediyiniz kimi, informasiya nəhəngləri bizi öz sıralarına artıq qəbul ediblər. Təsadüfi deyil ki, ötən il Pekində keçirilən Dünya Media Forumuna dəvətlilər arasında Trend Cənubi Qafqazdan olan yeganə agentlik idi. Dünyanın 100 ən nüfuzlu media qurumları ilə yanaşı, Pekin sammitində iştirak etməyimiz, sözsüz ki, işimizin keyfiyyətinə verilən dəyərin və ümumilikdə, Azərbaycan KIV-in səviyyəsinin göstəricisi idi. Bu sammitin, sadəcə, təşkilatçılarını sadalamaq kifayətdir - BBC, "News Corporation", "Xinhua", AP, "Reuters", İTAR-TASS, "Turner broadcasting system", "Google", "Kiodo" və b. Agentliyimiz, həmçinin, bu il Moskvada, Tehranda, Seulda, Təl-Əvivdə keçirilmiş beynəlxalq media toplantılarının fəal iştirakçısı olub.

Trend in tərəfdaşları sırasında İngiltərənin "Tomson - Reuters", Rusiyanın "RİA-Novosti", Çinin "Sinxua", Almaniyanın DPA agentliyi və "Doyçe Velle" televiziya və radio kanalı, Rusiyanın RBK agentlik və telekanalı, Türkiyənin "Cihan", İranın "Mehr", Cənubi Koreyanın "Yonhap", Qazaxıstanın "Kazinform", Belarusun "Belta", Ukraynanın "Ukrinform", İtaliyanın AKİ, Suriyanın "Sana", Monqolustanın "Montsame", Tacikistanın "Xovar", İraqın "WNA" agentliyi və dünyanın digər nüfuzlu agentlikləri var.

Biz, həmçinin, Trend Agentliyi yanında Beynəlxalq Ekspert Şurası yaradırıq. Şuranın tərkibinə təkcə Azərbaycanın deyil, eləcə də yaxın və uzaq xarici ölkələrdən olan ictimai xadimlər, analitik və ekspertlər, işgüzar dairələrin, assosiasiyaların rəhbərləri, elm mərkəzləri və kütləvi informasiya vasitələrinin nüfuzlu nümayəndələri daxildirlər. Beynəlxalq Ekspert Şurasının fəaliyyəti və digər təfərrüatları barədə məlumatlar veriləcək.

Son olaraq, gələcək fəaliyyətımizlə Azərbaycan mediasının nüfuzunun möhkəmlənməsinə layiqli töhfə verəcəyimizə inanıram.

Xəbər lenti

Xəbər lenti