...

Tehranın sabiq prokuroru Səid Mürtəzəvinin işdən uzaqlaşdırılması haqqında məhkəmə qərar qəbul edib

Cəmiyyət Materials 23 Avqust 2010 15:12 (UTC +04:00)
İranda Tehranın 1 saylı Hərbi Məhkəməsi Kəhrizək təcridxanasında baş vermiş hadisələrlə bağlı İran prokurorunun müavini və Tehranın sabiq prokuroru Səid Mürtəzəvi və daha iki məhkəmə hakiminin işdən uzaqlaşdırılması barədə məhkəmə qərarı çıxarıb. Bunu Kəhrizək təcridxanasında həlak olmuş Əmir Cavadifərin vəkili Saleh Nikbəxt deyib. Bu barədə İranın islahatçılar düşərgəsinin rahesabz.net (cərəs) saytı məlumat verib.
Tehranın sabiq prokuroru Səid Mürtəzəvinin işdən uzaqlaşdırılması haqqında məhkəmə qərar qəbul edib

İranda Tehranın 1 saylı Hərbi Məhkəməsi Kəhrizək təcridxanasında baş vermiş hadisələrlə bağlı İran prokurorunun müavini və Tehranın sabiq prokuroru Səid Mürtəzəvi və daha iki məhkəmə hakiminin işdən uzaqlaşdırılması barədə məhkəmə qərarı çıxarıb. Bunu Kəhrizək təcridxanasında həlak olmuş Əmir Cavadifərin vəkili Saleh Nikbəxt deyib. Bu barədə İranın islahatçılar düşərgəsinin rahesabz.net (cərəs) saytı məlumat verib.

Nikbəxt deyib ki, onların işdən uzaqlaşdırılmaları haqqında məhkəmə qərarı çıxarıldıqdan sonra, bu üç nəfərdən şikayət etmək istəyən bütün şəxslər məhkəməyə müraciət edib, öz şikayətlərini verə bilərlər.

Nikbəxtin sözlərinə görə, məhkəmə qərarında göstərilir ki, bu üç nəfər tutduqları vəzifədən uzaqlaşmalı və onlara qarşı irəli sürülmüş ittihamlara digər vətəndaşlar kimi cavab verməlidirlər.

Kəhrizək təcridxanası Tehran yaxınlığında olan Kərəc şəhəri ərazisində yerləşir. İranın ali lideri Əli Xamneyi iyulun 28-də Kəhrizək təcridxanasının bağlanması barədə qərar verib. Bu təcridxanada prezident seçkilərinə etiraz aksiyalarında iştirak edənlərin bir qismi saxlanılırdı. Xamneyinin qərarı prezidentliyə namizəd Möhsün Rezayinin müavininin oğlu Möhsün Ruhulaminin və bir neçə şəxsin həmin təcridxanada naməlum şəraitdə ölümündən sonra verilib. Mürtəzəvi bu şəxslərin öldürülməsində ittiham olunur.

İyul ayının əvvəlində İranda Tehranın 1 saylı Hərbi Məhkəməsi Kəhrizək təcridxanasında baş vermiş hadisələrlə bağlı həbs olunmuş polislərdən ikisi barədə ölüm hökmü çıxarıb. Onlar Kəhrizək həbsxanasında Əmir Cavadifər, Möhsün Ruhuləmi və Məhəmməd Kamranini döyərək öldürməkdə ittiham olunurlar. Məhkəmə həmin polis əməkdaşlarının xidmətdən uzaqlaşdırılması, cərimə ödəməsi, şallaqlanması və öldürdükləri şəxslərin qan pulunu ödəmələri barəsində qərar çıxarıb. Həmin cinayət işi ilə bağlı digər doqquz polis əməkdaşı barəsində məhkəmə cərimə, qan bahası ödəmək, tutduqları vəzifədən azad edilmək və şallaqlanmaq kimi cəzalara məhkum olunmaq barədə hökm çıxarıb.

Həbs olunanlar təcridxanaya həddən artıq məhbusun qəbul edilməsi, həbsxanada olan problemlərin yuxarı instansiyalara çatdırılmaması, məhbusların saxlanması və mühafizəsi ilə bağlı verilmiş göstərişlərin yerinə yetirilməməsi, məhbuslara fiziki təzyiq, işgəncə tətbiq edilməsi və təcridxananın fəaliyyətinə nəzarət zamanı səhlənkarlığa yol verilməsində təqsirkar bilinirlər.

Xəbər lenti

Xəbər lenti