...

Azərbaycanda həbsdə olan baş redaktor aclıq aksiyasını dayandırıb - Penitensiar Xidmət

Cəmiyyət Materials 29 Oktyabr 2010 15:06 (UTC +04:00)
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov cümə günü Trend-ə bildirib ki, Eynulla Fətullayev dünən axşamdan aclığı dayandırıb.
Azərbaycanda həbsdə olan baş redaktor aclıq aksiyasını dayandırıb - Penitensiar Xidmət

Azərbaycan, Bakı, 29 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda həbsdə olan baş redaktor oktyabrın 19-dan başladığı aclıq aksiyasını dünən axşamdan dayandırıb.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov cümə günü Trend-ə bildirib ki, Eynulla Fətullayev dünən axşamdan aclığı dayandırıb.

Sadıqov baş redaktorun səhhətində problem olmadığını, onun həkim nəzarətində saxlanıldığını deyib.

Fətullayev oktyabrın 19-dan yalnız su içməklə aclıq aksiyası keçirir.

Aclıq aksiyasını keçirməsinə səbəb Avropa İnsan Hüquqları Məhkəməsinin onun barəsində çıxardığı qərarın icra olunmamasıdır.

Avropa İnsan Haqları Məhkəməsi bu il aprelin 22-də Eynulla Fətullayevin həbsdən dərhal azad edilməsi ilə bağlı qərar qəbul edib. Azərbaycan hökuməti məhkəmənin qərarından Böyük Palataya şikayət edib. Böyük Palata hökumətin şikayətini qəbul etməyib və məhkəmənin qərarını qüvvədə saxlayıb.

2007-ci ildə terrorla hədələmə, milli ədavəti qızışdırma və vergidən yayınmaqda ittiham olunaraq, 8 il yarım azadlıqdan məhrum edilən Eynulla Fətullayevə 2009-cu ilin dekabrında narkotik maddə saxlama ittihamı ilə daha bir cinayət işi açılıb. Bu ittihamla Fətullayev bu il iyun ayında 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Xəbər lenti

Xəbər lenti