Azərbaycan, Bakı, 30 noyabr /Trend, müxbir T.Hacıyev/
Turqut Ərin Azərbaycan haqqında yazdığı böhtanları ciddi qəbul etməyin tərəfdarı deyiləm. Bu barədə çərşənbə günü Trend-ə Azərbaycan Milli Məclisinin üzvü Azay Quliyev bildirib.
"Turqut Ər Azərbaycan dövlətçiliyinə, Azərbaycanın yaxın tarixinə, ulu öndərinə, ölkənin ağır günlərində dövləti, dövlətçiliyi xilas edən şəxsə qarşı böhtanlar yağdırır. Onun yazıları çox primitiv, bəzən də çayxana söbdəti səviyyəsində olan yazılardır. Məişət səviyyəsində olan yanaşmaları göstərir. Ona görə mən onu ciddi qəbul etməyin tərəfdarı deyiləm", - Quliyev əlavə edib.
Azərbaycanda çalışmış türkiyəli diplomat Turqut Ərin müəllifi olduğu "Azadlıqdan tiranlığa" adlı kitabdakı əsassız fikirlər "Azadlıq" qəzetində çap olunub.
Quliyev hesab edir ki, Azərbaycan dövlətini quran, yaradan, dövlətçilik ənənələrinin formalaşmasında xüsusi xidmətləri olan Heydər Əliyev haqqında qanun qəbul edilməlidir.
"Belə qanunun olmamasından bəzi adamlar sui-istifadə edirlər, ulu öndər haqqında böhtanlarla, hədyanlarla məşğul olurlar", - Quliyev vurğulayıb.