...

İnkişaf etməkdə olan ölkələrdə yoxsulluq şəraitində yaşayan insanların təxminən 20 faizi əlillərdir - Pan Gi Mun

Cəmiyyət Materials 2 Dekabr 2010 13:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

İnkişaf etməkdə olan ölkələrdə yoxsulluq şəraitində yaşayan insanların təxminən 20 faizi əlillərdir. Bu barədə BMT-nin baş katibi Pan Gi Mun Beynəlxalq Əlilliyi olan Şəxslər Günü münasibətilə dünya ölkələrinə müraciətində bildirib.

"Bütün dünyada onlar yüksək işsizlik səviyyəsindən əziyyət çəkirlər və çox vaxt müvafiq təhsil və səhiyyə xidmətlərindən məhrum olurlar. Bir çox cəmiyyətlərdə bu qrup, sadəcə nəzərə alınmır və bu da onların təcrid olunmuş, öz icmaları ilə əlaqəsiz şəkildə yaşamalarına gətirib çıxarır", - baş katib vurğulayıb.

Pan Gi Mun deyib ki, məhrumiyyətlərə baxmayaraq, əlil insanlar böyük cəsarət və iradə nümayiş etdirirlər.

"Bir insanın qazana biləcəyi ən böyük uğurlara imza atmış belə şəxslərin nailiyyətlərindən ruhlanmağa davam etsək də, bu uğurlar ümidsiz şəraitdə yaşayan, digər vətəndaşlar üçün mövcud hüquq, imtiyaz və imkanlardan məhrum olan insanların üzləşdikləri çətinlikləri kölgədə qoymamalıdır", - müraciətdə deyilir.

Baş katib dünya ölkələrinin hökumətlərinə müraciət edərək əlil insanlara kömək etməklə daha çox işlər görməyin vacib olduğunu bildirib.

"Gəlin, qəbul edək ki, əlil insanlar qrupuna geniş səlahiyyətlər verəcək ünvanlı qanunlar, strategiya və proqramlar olmadan biz yoxsulluq, xəstəlik və diskriminasiyaya qarşı apardığımız mübarizədə qalib gələ bilməyəcəyik. Məqsədlərə çatmaq üçün beynəlxalq səviyyədə razılaşdırılmış son tarix olan 2015-ci ilə qədər son beş illik cəhdimiz zamanı bu insanlara sadəcə dəyişikliklərdən faydalanan şəxslər kimi deyil, real dəyişiklikləri həyata keçirən şəxslər kimi yanaşaq", - Pan Gi Mun deyib.

Beynəlxalq Əlilliyi olan Şəxslər Gününün bu ilki mövzusu "Vədlərimizə əməl edək: Minilliyin İnkişaf Məqsədlərinin hər birində əlillik faktorunu ön plana çəkək"dir.

3 dekabr - Beynəlxalq Əlilliyi olan Şəxslər Günüdür.

Xəbər lenti

Xəbər lenti