Azərbaycan, Bakı, 3 dekabr /Trend, müxbir M.Əliyev/
Cümə günü Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində filosof alim, akademik, Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin "Gorus-2010: absurd teatrı mövsümü" məqaləsinin daxil olduğu kitabın təqdimatı keçirilib.
"Gorus-2010: absurd teatrı mövsümü" kitabını oxuyan geniş auditoriya görür ki, Ermənistan prezidentinin Gorusda verdiyi bəyanat ağlagəlməz yalan və saxtakarlıqlarla doludur", - AMEA prezidenti Mahmud Kərimov kitabın təqdimatında bildirib.
Mehdiyev Ermənistan prezidenti tərəfindən irəli sürülmüş "yeni kəşflər"in ifşasına, bu dövlətin başçısının əllaməlik cəhdlərinə mötəbər tarixi faktlara əsaslanan "Gorus-2010: absurd teatrı mövsümü" məqaləsi ilə tutarlı cavab verib.
Həmin məqalə bu günlərdə "Şərq-Qərb" nəşriyyatı tərəfindən əlavə materiallar da daxil edilməklə kitab şəklində çap edilib. Kifayət qədər zəngin tarixi və faktoloji mənbələrə istinad olunması, Azərbaycanın qədim və müasir dövrünün xəritələrinin verilməsi kitabın elmi dəyərini artırmaqla bərabər, oxucular üçün etibarlı mənbə rolunu oynayır.
Kərimovun sözlərinə görə, kitabda ermənilərin təkcə Cənubi Qafqaza deyil, ümumilikdə Ön Asiyaya gəlmə xalq olduqları tutarlı dəlillərlə sübut edilir.
AMEA prezidenti qeyd edib ki, kitabda Azərbaycan toponimlərinin ermənilər tərəfindən dəyişdirilməsi elmi şəkildə işıqlandırılır.
"Kitabda deyilir ki, bütün dövrlərdə hazırkı Ermənistanın yerləşdiyi ərazilər azərbaycanlıların torpaqları olub", - Kərimov bildirib.
Təqdimatda çıxış edən AMEA-nın Tarix İnstitutunun direktoru Yaqub Mahmudov bildirib ki, bu əsər ermənilərin yalan təbliğatına qarşı mübarizədə yeni mərhələnin başlanğıcıdır. O, bildirib ki, hazırda "Gorus-2010: absurd teatrı mövsümü" kitabı ingilis və rus dillərinə tərcümə olunur. Onun sözlərinə görə, məqalədə təqdim olunan çoxsaylı faktlar erməni reallıqlarını daha dəqiq əks etdirir.
AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva tədbirdə çıxışı zamanı qeyd edib ki, akademik Ramiz Mehdiyevin kitabı səhih tarixi mənbələrə çoxsaylı istinadlarla, eləcə də Azərbaycanın qədim və müasir dövrünün xəritələri ilə zəngindir.
Akademik Ramiz Mehdiyevin bu qiymətli kitabı təkcə növbəti erməni riyakarlığına cavab vermək baxımından deyil, çoxsaylı tarixi faktları özündə əks etdirməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin səbəb və nəticələrinin təhlili, son 200 ildə regionda baş verən ictimai-siyasi proseslərə aydınlıq gətirməsi baxımından da xüsusi əhəmiyyətə malikdir. Bu kitab dünyanın müxtəlif regionlarında yaşayan siyasətşünaslar, qafqazşünaslar, xüsusən konfliktoloqlar üçün mühüm əhəmiyyət kəsb edir. Digər tərəfdən, tarix elminin atası sayılan Herodot və coğrafiyaşünas Strabondan üzü bəri çoxsaylı elmi mənbələrə istinadən yazılmış bu əsər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün ATƏT-in Minsk qrupunda təmsil olunmuş vasitəçilərin münaqişənin mahiyyəti ilə daha yaxından tanış olmaları baxımından da kifayət qədər əhəmiyyətlidir.
Akademik Ramiz Mehdiyev kitabda çox düzgün olaraq qeyd edir ki, prezidentliyinin legitimliyi hətta erməni cəmiyyətinin özü tərəfindən də şübhə altına alınan Serj Sarkisyan coşaraq, Gorus teatrının səhnəsindən erməni cəmiyyətinin layiq olduğu siyasi liderin obrazından daha çox özünün şəxsi daxili mədəniyyətinin və savadının səviyyəsini əks etdirən bir sıra kəskin bəyanatlar verməyi özünə rəva bilib.
Akademik Ramiz Mehdiyev haqlı olaraq Serj Sarkisyanın bu riyakar iddiaları ilə bəşəriyyətə II Dünya müharibəsi kimi bəla gətirmiş üçüncü Reyx liderlərinin almanların ali irq olması iddiası arasında bənzəyiş görür, paralellər apararaq yazır: "Yetmiş il bundan əvvəl alman alimləri və üçüncü Reyxin liderləri ari irqin müstəsnalığı barədə buna oxşar "qiymətli direktivlər" vermişdilər. Bir millətin başqalarından üstünlüyü, birinin qədim və təmizqanlı, digərlərinin gəlmə və qarışıq olması barədə söhbətlərin nə ilə nəticələnməsi hamıya yaxşı məlumdur. Təəssüf ki, öz xalqını təxminən eyni fəlakətli istiqamətə sürükləyən bugünkü Ermənistanın rəhbərləri yaxın tarixdən ibrət dərsi almamışlar".