...

Azərbaycan Konstitusiya Məhkəməsi ögey anaların pensiya yaş həddinin azaldılması barədə qərar verib

Cəmiyyət Materials 9 Dekabr 2010 18:02 (UTC +04:00)
Konstitusiya Məhkəməsindən Trend-ə verilən məlumata görə, bu qərar ombudsman Elmira Süleymanovanın "Əmək pensiyaları haqqında" 07 fevral 2006-cı il tarixli Qanunun 8.1-ci maddəsinin Konstitusiyaya uyğunluğunun yoxlanılması barədə sorğusu əsasında qəbul edilib.
Azərbaycan Konstitusiya Məhkəməsi ögey anaların pensiya yaş həddinin azaldılması barədə qərar verib

Azərbaycan, Bakı, 9 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Konstitusiya Məhkəməsi övladlığa götürən, ögey analar və qəyyum qadınların pensiya yaş həddinin azaldılması barədə qərar verib.

Konstitusiya Məhkəməsindən Trend-ə verilən məlumata görə, bu qərar ombudsman Elmira Süleymanovanın "Əmək pensiyaları haqqında" 07 fevral 2006-cı il tarixli Qanunun 8.1-ci maddəsinin Konstitusiyaya uyğunluğunun yoxlanılması barədə sorğusu əsasında qəbul edilib.

Həmin maddəyə əsasən, beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş və azı 10 il sığorta stajı olan qadınların müəyyən olunmuş yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ var.

Həmin qanunun 8.3-cü maddəsinə görə, ana vəfat etdiyinə və ya ana ilə nikaha xitam verildiyinə, yaxud ana valideynlik hüququndan məhrum edildiyinə görə 5 və daha çox uşağı növbəti nikah bağlamadan, təkbaşına səkkiz yaşınadək böyüdən ataların, habelə 5 və daha çox uşağı övladlığa götürüb təkbaşına səkkiz yaşınadək böyüdən ataların, həmçinin 5 və daha çox uşağı səkkiz yaşınadək böyüdən qəyyum kişilərin azı 10 il sığorta stajı olduqda, bu qanunun
7-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ var.

Ombudsman bildirib ki, kişilərə güzəştlərin nəzərdə tutulduğu halda, qadınlar barəsində bu güzəştlərin nəzərə alınmaması cinsi ayrı-seçkiliyə səbəb olur.

Məhkəmənin qərarına görə, övladlığa uşaq götürüb tərbiyə etmiş analar, ögey anaların pensiya hüququ doğma anaların pensiya hüququna bərabər tutulub.

Belə ki, beş və daha çox uşağı övladlığa götürüb səkkiz yaşınadək böyüdən anaların, beş və daha çox uşağı səkkiz yaşınadək tərbiyə etmiş ögey anaların hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ var.

Həmçinin beş və daha çox uşağı səkkiz yaşınadək böyüdən qəyyum qadınların azı 10 il sığorta stajı olduqda, yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ var.

Konstitusiya Məhkəməsi bu uyğunsuzluğun aradan qaldırılmasını Milli Məclisə tövsiyə edib.

Xəbər lenti

Xəbər lenti