...

Azərbaycan Parlamentinin deputatları təhsil ocaqlarında hicabın əleyhinədilər

Cəmiyyət Materials 14 Dekabr 2010 14:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 dekabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanda hicablı şagirdlərin orta məktəblərə getməsi mümkün deyil. Bunu çərşənbə axşamı jurnalistlərə Milli Məclisin İnsan haqları komitəsinin sədri Rəbiyyət Aslanova bildirib.

"Azərbaycan demokratik, dünyəvi və hüquqi dövlətdir. Azərbaycanda dövlət-vətəndaş münasibətləri, xüsusi ilə dövlətin dinə münasibəti məhz bu prinsiplər əsasında tənzimlənir", - Aslanova bildirib.

Ötən cümə günü Təhsil Nazirliyinin binası qarşısında ölkənin ortan təhsil müəssisələrində hicaba qadağa qoyulması ilə əlaqədar icazəsiz etiraz aksiyası keçirilib.

Cümə günü aksiyanın 16 iştirakçısı polis bölməsinə aparılıb, onlardan beşi xəbərdarlıq edildikdən sonra evə buraxılıb, saxlanılan 11 nəfərin işi isə Nərimanov rayon məhkəməsinə göndərilib.

Azərbaycanın təhsil naziri Misir Mərdanov çərşənbə axşamı jurnalistlərə açıqlamasında xarici və daxili qüvvələri Azərbaycandakı təhsil müəssisələrində hicabla bağlı vəziyyəti gərginləşdirməkdə günahlandırıb.

Millət vəkili bildirib ki, orta məktəbdə təhsil alan şagirdlərin gələcəyi üçün təkcə valideyn deyil, dövlət də məsuliyyət daşıyır.

"Uşaqların sabah layiqli vətəndaş kimi formalaşması üçün dövlət məsuliyyət daşıyır. Və dünyəvi dövlətin prinsiplərini pozmaq vətəndaşın dövlət qarşısındakı vəzifələrini həyata keçirməməsidir", - Aslanova bildirib.

Azərbaycanın millət vəkili, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov isə jurnalistlərə bildirib ki, Azərbaycan sivil ölkədir və hər bir insanın dini azadlığı təmin olunub.

"Ancaq biz təhsil sistemimizi inkişaf etdirmək, dünya dəyərlərini Azərbaycana gətirmək istəyiriksə, Azərbaycanda sivil dövlətin əsaslarını orta məktəblərdə ən yüksək səviyyədə təmin etməliyik", - Seyidov bildirib.

Seyidov qeyd edib ki, Azərbaycanın Konstitusiyasında insan haqlarının bütün məsələləri göstərilib və onun müddəalarına müvafiq hərəkət edilsə, hicabla bağlı heç bir problem olmaz

Xəbər lenti

Xəbər lenti