...

Azərbaycanda sosial müdafiə sisteminin proqramlaşdırılmasına ehtiyac var – komitə sədri

Cəmiyyət Materials 15 Dekabr 2010 18:13 (UTC +04:00)
Azərbaycanda sosial müdafiə sisteminin təsnifləşdirilməsi və proqramlaşdırılmasına ehtiyac var.
Azərbaycanda sosial müdafiə sisteminin proqramlaşdırılmasına ehtiyac var – komitə sədri

Azərbaycan, Bakı, 15 dekabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycanda sosial müdafiə sisteminin təsnifləşdirilməsi və proqramlaşdırılmasına ehtiyac var. Trend-in məlumatına görə, bu barədə Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli Yeni Azərbaycan Partiyasının internet saytına verdiyi müsahibəsində bildirib.

"Azərbaycanda sosial işçi haqqında qanun üzərində işləyirik. Bəziləri heç bilmir ki, sosial müdafiə sistemi nədir. Ona görə də bu gün bizim komitə sosial müdafiə sisteminin təsnifatlandırılması ilə məşğuldur. İstəyirik ki, qanunlarımızda təsnifatlar sistemləşsin", - Rəcəbli əlavə edib.

Onun sözlərinə görə, insanlara sosial müavinətlərin verilməsi bəzən insanları ələbaxımlığa öyrədir.

"Biz belə halların qarşısını almalıyıq. Məsələn, Çində müavinət alan adama müavinəti pul şəklində vermirlər. Onlara satmaq üçün bir sıra istehsal məhsulları verirlər ki, satıb dolansın. Bu yollarla insanları ələbaxımlığa öyrətmirlər. Ölkələr var ki, orada ehtiyacı olan insanlara kvotalı iş yeri yaradırlar ki, özlərini dolandıra bilsinlər. Bu, çox faydalıdır", - o deyib.

Rəcəbli qeyd edib ki, gələn ilin büdcəsində sosial məsələlərə ayrılan vəsaitin həcmi 32 faiz təşkil edir.

"Sosial xərc yenə də büdcənin 32 faizini təşkil edir, amma bu sahəyə yönələn vəsaitin həcmi müəyyən qədər artıb. Qeyd edim ki, məktəb tikintisi, yolların təmiri də sosial müdafiə sayılır. Bu gün uşaq bağçalarının, peşə təhsilinin inkişafına diqqət yetirilir, uşaqpulu artır. Bunlar dolayısı ilə sosial müdafiədir", - Rəcəbli vurğulayıb.

Xəbər lenti

Xəbər lenti