...

Bakı şəhər bələdiyyəsinin yaradılması müzakirə obyekti ola bilər - Ədliyyə Nazirliyi

Cəmiyyət Materials 17 Dekabr 2010 09:00 (UTC +04:00)
"Bakı şəhər bələdiyyəsinin yaradılması gələcəkdə müzakirə obyekti ola bilər", - cümə axşamı Trend-ə müsahibəsində Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəhbəri Mehdi Səlimzadə deyib.
Bakı şəhər bələdiyyəsinin yaradılması müzakirə obyekti ola bilər - Ədliyyə Nazirliyi

Azərbaycan, Bakı, 16 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Ədliyyə Nazirliyi Bakı şəhər bələdiyyəsinin yaradılmasını mümkün sayır.

"Bakı şəhər bələdiyyəsinin yaradılması gələcəkdə müzakirə obyekti ola bilər", - cümə axşamı Trend-ə müsahibəsində Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəhbəri Mehdi Səlimzadə deyib.

Səlimzadə qeyd edib ki, iri şəhər bələdiyyələri şəhərin sosial-iqtisadi problemlərinin həllində, abadlıq və kommunikasiya, infrastruktur sahələrinin inkişafı istiqamətində yaranan problemlərin həlli məqsədilə bələdiyyələrin əlaqələndirilməsi, təşkili və tənzimlənməsi, onlara digər orqanların kömək etməsi məqsədilə yaradılır.

"Bakıda da bu problemlər var. Amma son illərdə Bakıda infrastukturun yenilənməsi, abadlıq işlərinin sürətlənməsi prosesi gedir və bu işlər Bakı şəhər İcra Hakimiyyətinin və Bakı rayonlarının bələdiyyələrinin səyi nəticəsində görülür. Əgər Bakı şəhərindəki bələdiyyələr birləşərək bu işə daha böyük təkan verəcəksə, bu işlərin öhdəsindən indi görüləndən daha yaxşı gələcəksə, onda şəhər bələdiyyəsinin yaradılmasına ehtiyac olacaq. Əgər şəhər bələdiyyəsi yaranandan sonra da şəhərin inkişaf səviyyəsi eyni temlə davam edəcəksə, onda buna ehtiyac yoxdur. Hazırda bu məsələ ilə bağlı müvafiq qanun layihəsi üzərində işlər gedir. Bu layihə geniş və ətraflı şəkildə maraqlı tərəflərin müzakirəsindən keçdikdən sonra rəy və təkliflər nəzərə alınmalı və qəbula təqdim edilməlidir", - Səlimzadə bildirib.

Onun sözlərinə görə, iri şəhər bələdiyyələri yaradılmadan öncə bu sahədəki vəziyyət təhlil olunmalı, araşdırılmalıdır. Təhlil zamanı bu işin effektli olacağı müəyyən edilərsə, iri şəhər bələdiyyələrinin yaradılması mümkün ola bilər.

Azərbaycanda iri şəhər bələdiyyələrinin fəaliyyət göstərdiyini deyən Səlimzadənin sözlərinə görə, Mingəçevir, Şirvan bələdiyyəsi iri şəhər bələdiyyəsi kimidir.

"Gəncədə iki bələdiyyə var. Gələcəkdə bələdiyyələr öz istəkləri ilə birləşib iri şəhər bələdiyyəsi yarada bilərlər. Digər şəhərlərdə də şəhər bələdiyyələrinin yaradılması mümkündür. Yerlərdə də bu, mümkündür", - nazirlik rəsmisi vurğulayıb.

Azərbaycanda yerli özünüidarə institutu yaradılanda bələdiyyələrin sayı 2667 olub. 2008-ci ildə 2757-yə çatıb. Bələdiyyələrin birləşdirilməsi tədbirləri nəticəsində yerli özünüidarə qurumlarının sayı 2757-dən 1718-ə qədər azaldılıb. Bu proses nəticəsində 1044 bələdiyyə ixtisar olunub, 5-i isə yaradılıb.

Xəbər lenti

Xəbər lenti