...

Azərbaycanda Geologiya Muzeyinin açılışı olub (FOTO)

Cəmiyyət Materials 25 Dekabr 2010 12:55 (UTC +04:00)
Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyində şənbə günü Geologiya Muzeyinin təmir və yenidənqurma işlərindən sonra açılışı olub.
Azərbaycanda Geologiya Muzeyinin açılışı olub (FOTO)

Azərbaycan, Bakı, 25 dekabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyində şənbə günü Geologiya Muzeyinin təmir və yenidənqurma işlərindən sonra açılışı olub. Trend-in məlumatına görə, açılış mərasimində Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov iştirak edib.

Nazir jurnalistlərə açıqlamasında bildirib ki, insanlar bu muzeyə gələrkən səsli və görüntülü məlumatlar ala biləcəklər.

"Düşünürük ki, muzeyin inkişafı üzərində işləmək lazımdır. Bura məktəblilərin daha çox gəldiyi yerdir, ancaq muzeyi məktəblilər üçün daha maraqlı etmək üçün interaktiv, görüntülü yeni ekspozisiyaların quraşdırılmasına ehtiyac var. Belə olduqda, muzeyi ziyarət edən insan süxuru görəndə süxurun nə zaman və hansı şəraitdə yaranması və təsərrüfatda necə istifadə edilə biləcəyi ilə bağlı məlumat ala biləcək. Bu iş davam etdiriləcək", - nazir əlavə edib.

Hökumətin 1982-ci il 19 aprel tarixli qərarı ilə Azərbaycan Geologiya İdarəsinin geologiya muzeyinin bazasında Azərbaycan Geologiya Muzeyi yaradılıb. Hazırda respublikanın çeşidli və zəngin yeraltı təbii sərvətlərinin mürəkkəb geoloji quruluşunu hərtərəfli səciyyələndirən 5000-dən artıq süxur, filiz, mineral və kristalların seçmə nümunələri muzeyin bölmələrində yer alır.

Xarici investorların ölkəmizin yeraltı təbii sərvətləri ilə tanışlığı məhz Geologiya Muzeyindən başladığı üçün, muzeyin müasir tələblər səviyyəsində yenidən qurulmasına zərurət yaranıb.

Bununla əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin 21 may 2008-ci il tarixli "Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Azərbaycan Geologiya Muzeyinin fəaliyyətinin yaxşılaşdırılması və əlavə tədbirlər haqqında" sərəncamı ilə muzeyin təmirinə və yenidənqurulmasına Azərbaycan Prezidentinin Ehtiyat Fondundan bir milyon manat vəsait ayrılıb.

Sərəncam imzalandıqdan sonra təmr və yenidənqurma işlərinə başlanılıb, nəticədə muzey müasir tələblər səviyyəsində yenidən qurulub. Muzeyin sahəsi genişləndirilərək 630 kvadrat metrə çatdırılıb. Muzey müvafiq avadanlıqla təchiz olunub, zalların temperaturunu nizamlayan sistem quraşdırılıb, eksponatlar bərpa olunub.

Muzey regional geologiya, Azərbaycanın mineral resursları (filiz faydalı qazıntıları, qeyri-filiz faydalı qazıntıları), petroqrafiya, mineralogiya, paleontologiya bölmələrindən ibarətdir.

Xəbər lenti

Xəbər lenti