...

Altay Həsənov: Ötən dörd ildə Azərbaycanda gimnastikanın inkişafında irəliləyiş əldə olunub (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 25 Dekabr 2010 15:17 (UTC +04:00)

Üçüncü abzasdan sonra təfərrüatlar əlavə olunub.

Azərbaycan, Bakı, 25 dekabr /Trend, müxbir M.Əliyev/

Ötən dörd il ərzində Azərbaycanda gimnastikanın inkişafında irəliləyiş əldə olunub. Bu barədə Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov şənbə günü federasiyanın hesabat-seçki konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, hesabat dövrü ərzində Azərbaycan Prezidenti İlham Əliyevin və ölkənin birinci xanımı Mehriban Əliyevanın iştirakı ilə Gimnastika Sarayının təməl daşı qoyulub. "Ümid edirik ki, yaxın vaxtlarda bu binanın tikintisi başa çatacaq. Əlbəttə, bu saray istismara verildikdən sonra gimnastlarımızdan daha böyük uğurlar gözləyəcəyik və bu ümidlərin doğrulacağına inanırıq", - Həsənov bildirib.

Onun sözlərinə görə, ötən illər ərzində Azərbaycan gimnastları dünya və Avropa çempionatlarının mükafatçıları olublar. "Aliyə Qarayeva milli gimnastikanın tarixində ilk dəfə Avropa çempionatında birincilik qazanıb", - Həsənov vurğulayıb.

Federasiyanın vitse-prezidenti hazırda Azərbaycanda çoxlu istedadlı gimnastların böyüməsini çox sevindirici hal hesab edib. "14 yaşlı idmançılar arasında Azərbaycan gimnastı gümüş medal qazanıb. Bu, onu deməyə əsas verir ki, Azərbaycanın gimnastika məktəbi özünü göstərməyə başlayıb", - o, qeyd edib.

"Azərbaycan Gimnastika Federasiyası ötən müddət ərzində bəddi gimnastika üzrə Azərbaycan yığmasının baş məşqçisi Marina Vasilyevanın və akrobatika üzrə yığmanın baş məşqçisi İradə Qurbanovanın fəaliyyətini müsbət qiymətləndirir", - Həsənov vurğulayıb.

Onun sözlərinə görə, son illər gimnastika regionlarda - Sumqayıt, Gəncə, Xırdalan, Şabran, Balakən, Göyçayda da uğurla inkişaf edir.

"Federasiya prezidenti Mehriban Əliyevanın dəstəyi və qayğısı Azərbaycanda idmanın bu növünün inkişafına və beynəlxalq turnirlərdə böyük uğurların qazanılmasına kömək edir", - Həsənov əlavə edib.

"Azərbaycan Gimnastika Federasiyası gələcəkdə də milli gimnastikanın inkişafında məqsədyönlü fəaliyyəti davam etdirəcək, idmançı, məşqçi və hakimlərin səviyyəsi artırılacaq, ölkədə gimnastikanın kütləviliyi təmin ediləcək, beynəlxalq əlaqələr isə daha da möhkəmləndiriləcək", - Həsənov bildirib.

Şənbə günü federasiyanın hesabat-seçki konfransı keçirilib. Konfransda Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti, Altay Həsənov vitse-prezident vəzifəsinə, Rauf Əliyev, Rafiq Behbudov və Arif Qafarov icraiyyə komitəsinin üzvləri seçiliblər.

Konfrans zamanı federasiyanın yeni nizamnaməsinin qəbul edilməsi qərara alınıb. Nizamnaməyə əsasən, yekun konfranslar və rəhbər heyətin tərkibi beş ildən bir seçiləcək (əvvəllər dörd ildən bir seçilib).

Xəbər lenti

Xəbər lenti