Azərbaycan, Bakı, 3 fevral /Trend, müxbir T.Hacıyev/
Gürcüstan Prezidenti Mixail Saakaşvilinin anası, "İnternational Black Sea" Universitetinin rektoru, professor Giuli Alasaniya Azərbaycan Diplomatik Akademiyasında (ADA) olub. Bu barədə cümə axşamı Trend-ə ADA-dan məlumat veriblər.
Alasaniya ADA-nın rektoru, xarici işlər nazirinin müavini Hafiz Paşayevlə görüşüb. Rektor xanım Alasaniyaya Diplomatik Akademiyanın magistr və bakalavr proqramları, genişlənməkdə olan kitabxanası, ayrı-ayrı istiqamətlərdə aparılan elmi araşdırmaları barədə məlumat verib.
Alasaniya ADA-nın sürətli inkişafından razı qaldığını və təmsil etdiyi universitetlə ADA-nın əməkdaşlığında maraqlı olduğunu bildirib. Daha sonra xanım Alasaniya ADA-nın tələbə-müəllim heyəti və digər qonaqlar üçün "Azərbaycan, Gürcüstan və Türkiyənin mədəni-tarixi əlaqələri" adlı məruzə ilə çıxış edib, üç xalqın zəngin tarixi-mədəni əlaqələri haqqında danışıb.