Azərbaycan, Bakı, 3 fevral /Trend, müxbir M.Əliyev/
Azərbaycanda Meşə Mühafizəsi və Bərpası Müəssisələrində qanun pozuntularına yol verdiklərinə görə 136 nəfər tutduğu vəzifədən azad edilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, bu barədə qurumun kollegiya iclasında bildirilib.
2010-cu ilin sentyabr-oktyabr aylarında ETSN-ə vətəndaşlar tərəfindən bəzi yerlərdə meşələrin qırılması barədə daxil olmuş şikayətlərə əsasən aparılmış kompleks yoxlamalar nəticəsində 175 nəfərə töhmət, 68 nəfərə isə şiddətli töhmət verilib.
Kollegiya iclasında qeyd olunub ki, 2010-cu il ərzində Azərbaycan Meşə Mühafizəsi və Bərpası Müəssisələrində aparılan yoxlamalar zamanı 34483 kubmetr həcmində 61637 ədəd ağacın qanunsuz kəsildiyi aktlaşdırılıb.
İclasda qeyd olunub ki, keçən il ərzində meşələrin mühafizəsi ilə bağlı hüquq-mühafizə orqanlarına göndərilmiş 363 işdən cəmi 199-na baxılıb.
İclasda, həmçinin nazirliyin ətraf mühitin mühafizəsi üzrə bəzi regional şöbələrinin rəhbərlərinin vətəndaşlardan daxil olan məktub və müraciətlərə bəzən vaxtında cavab vermədikləri, qanun pozucularına qarşı tətbiq olunan cərimə və iddiaların ödətdirilməsinə ciddi yanaşmadıqları və ümumiyyətlə, vəzifə borclarına laqeyd münasibət göstərdikləri də qeyd edilib.