...

Azərbaycanda korrupsiya ilə mübarizə kampaniya deyil, ölkə rəhbərliyinin siyasətidir – vitse-spiker (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 11 Fevral 2011 12:54 (UTC +04:00)

Bahar Muradovanın fikirləri əlavə olunub (ilk xəbər 12:39-da yayılıb)

Azərbaycan, Bakı, 11 fevral /Trend, müxbir M.Əliyev/

Korrupsiya ilə mübarizə kampaniya deyil, ölkə rəhbərliyinin siyasətidir. Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib.

O, ictimaiyyəti, eləcə də jurnalistləri korrupsiya cinayətlərinin iştirakçısı olmamağa çağırıb.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin tapşırığı ilə 2011-ci il yanvarın 27-də Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sədrliyi ilə Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın geniş iclası keçirilib.

"Ölkədə korrupsiya ilə bağlı başlanan mübarizəni hərə bir cür qiymətləndirə bilər. Hazırda həyata keçirilən tədbirlər Azərbaycan Respublikasının gələcək perspektivə hesablanmış dövlət proqramlarına uyğun həyata keçirilir və burada qeyri-adi heç nə axtarmaq lazım deyil. Korrupsiya ilə mübarizənin bir istiqaməti də aparılan mübarizənin şəffaflğının təmin olunması və məlumatların ictimaiyyətə çatdırılmasıdır. Hesab edirəm ki, aparılan mübarizə bu formada qiymətləndirilməlidir", -  Muradova deyib.

Vitse-spiker bildirib ki, Azərbaycanda korrupsiyaya qarşı aparılan mübarizənin ərəb ölkələrində baş verənlərlə heç bir əlaqəsi yoxdur.

"Bunun nə Tunislə, nə də Misirlə heç bir əlaqəsi yoxdur. Azərbaycanda hər zaman elə adamlar tapılır ki, onlar dünyanın hansısa ölkəsində baş verən hadisələri respublikamıza gətirmək istəyir yaxud da həmin hadisələrin burada rezonans doğuracağı barədə proqnozlar verir. Onlar eyni zamanda, Azərbaycanın atdığı müəyyən addımları həmin hadisələrlə əlaqələndirmək istəyirlər. Belə proqnozların heç biri özünü doğrultmayıb. Bu, müxalifətin mövqeyidir, fikridir və çin olmayacaq", - Muradova deyib.

Xəbər lenti

Xəbər lenti