...

Məhkəmə-Hüquq Şurası pozuntulara yol verən 6 hakim barəsində intizam icraatına başlayıb

Cəmiyyət Materials 18 Fevral 2011 20:53 (UTC +04:00)
Şuradan Trend-ə verilən məlumata görə, ədliyyə naziri, MHŞ sədri Fikrət Məmmədovun sədrliyi ilə keçirilən iclasda qeyd edilib ki, vətəndaşların hüquqlarının təmin edilməsi vəziyyəti ilə bağlı məhkəmələrdə monitorinqlər keçirilib.
Məhkəmə-Hüquq Şurası pozuntulara yol verən 6 hakim barəsində intizam icraatına başlayıb

Azərbaycan, Bakı, 18 fevral /Trend, müxbir K.Zərbalıyeva/

Məhkəmə-Hüquq Şurası (MHŞ) pozuntulara yol verən 6 hakim barəsində intizam icraatına başlayıb.

Şuradan Trend-ə verilən məlumata görə, ədliyyə naziri, MHŞ sədri Fikrət Məmmədovun sədrliyi ilə keçirilən iclasda qeyd edilib ki, vətəndaşların hüquqlarının təmin edilməsi vəziyyəti ilə bağlı məhkəmələrdə monitorinqlər keçirilib.

Monitorinq nəticəsində korrupsiyaya şərait yaradan hüquqpozmaların, o cümlədən tərəflərin məhkəmə proseslərində iştirakının təmin edilməsi üçün bütün lazımi tədbirlərin görülməməsi, bəzi hallarda cavabdehin prosesdən kənarda qalması, apelyasiya hüququnun əsassız məhdudlaşdırılması və digər pozuntuların aşkar edilməsi vurğulanıb, bununla əlaqədar 6 hakim barədə intizam icraatları başlanılıb.

Şuranın bu gün keçirilən iclasında hakim barədə intizam icraatına baxılaraq qanunvericiliyin tələblərinin kobud pozulması hallarına yol verdiyinə görə Sumqayıt şəhər məhkəməsinin hakimi Ələkbər Hüseynova töhmət verilib.

İclasda qeyd olunub ki, korrupsiyaya qarşı qəti mübarizənin aparılması ilə bağlı ölkə başçısının verdiyi tapşırıqlarından irəli gələn vəzifələrin hər bir hakimə çatdırılması məqsədilə bütün hakimlərin və Şura üzvlərinin iştirakı ilə regional müşavirələr keçirilib, mövcud nöqsanlar və problemlər ətraflı təhlil olunub, korrupsiya, süründürməçilik və digər neqativ halların aradan qaldırılması üçün tədbirlər müzakirə edilib.

Şurada vətəndaşların qəbulunun, o cümlədən MHŞ üzvləri tərəfindən qəbulun təkmilləşdirildiyi, vətəndaşların qəbulu üçün əlavə otağın istifadəyə verildiyi, müraciətlərin elektron qəbulunun təşkil edildiyi bildirilib, hər bir müraciətin hərtərəfli və dolğun araşdırılması üzrə əlavə tədbirlər müəyyən olunub.

Xəbər lenti

Xəbər lenti