...

Türkiyənin İsparta şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidə qoyulacaq

Cəmiyyət Materials 23 Fevral 2011 14:51 (UTC +04:00)
Türkiyənin İsparta şəhərinin mərkəzində yaxın zamanlarda Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidə qoyulacaq.
Türkiyənin İsparta şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidə qoyulacaq

Azərbaycan, Bakı, 23 fevral /Trend, müxbir M.Əliyev/

Türkiyənin İsparta şəhərinin mərkəzində yaxın zamanlarda Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidə qoyulacaq.

İsparta bələdiyyə başçısı Yusif Ziya Günaydınla görüşdə Azərbaycan nümayəndə heyətinin üzvləri Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidə qoyulması ilə bağlı təklifi müsbət qarşılanıb. İsparta bələdiyyə başçısı gələn ilin fevralını gözləmədən yaxın aylarda şəhərin mərkəzində ən gözəl yerlərdən birində Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidə qoyacaqlarını bildirib. Bu təkcə Azərbaycan xalqının deyil, bütün türklərin ağrısı, acısıdır deyən bələdiyyə başçısı bundan sonra da daim Azərbaycanın yanında olacaqlarını bildirib.

Görüşdə iştirak edən Azərbaycan nümayəndə heyətinin üzvləri Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, soyqırımlar barədə ətraflı məlumat verib və Xocalı soqırımının dünyaya daha geniş çatdırılması, tanıdılması istiqamətində bütün türk dünyasının səylərinin artırılmasının vacibliyini, Türkiyənin müxtəlif bölgələrində, bələdiyyələrində Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidələrin qoyulmasının və soyqırımın tanınmasının zəruriliyini vurğulayıblar.

Bələdiyyə başçısına "Xocalı Soyqırımı: Şahidlərin dilindən" kitabı təqdim olunub.

1992-ci il fevral ayının 25-26-da erməni silahlı birləşmələri Xankəndidə yerləşən Rusiyaya məxsus 366-cı alayın köməyi ilə azərbaycanlılar yaşayan Xocalı şəhərinə hücum edərək dinc əhaliyə qarşı xüsusi qəddarlıqla müşaiyət olunan genosid aktını həyata keçiriblər. Bu faciə nəticəsində 613 dinc sakin qətlə yetirilib, 487 nəfər yaralanıb, 1275 nəfər isə əsir götürülüb. Onlardan bir çoxu əsirlikdən qayıtmayıb və sonrakı taleyi barədə hər hansı məlumat yoxdur. 366-cı alay Xankəndidən çıxarıldıqdan sonra bu hərbi hissəyə məxsus olan silahlı texnikanın mühüm hissəsi erməni separatçılarına verilib.

Xəbər lenti

Xəbər lenti