...

Türkiyənin İzmir şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidə ucaldıla bilər (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 24 Fevral 2011 16:24 (UTC +04:00)
Türkiyənin İzmir şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidə ucaldıla bilər.
Türkiyənin İzmir şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidə ucaldıla bilər (ƏLAVƏ OLUNUB)

Dördüncü abzas əlavə olunub (ilk xəbər saat 09:44-də yayılıb)

Azərbaycan, Bakı, 24 fevral /Trend/

Türkiyənin İzmir şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidə ucaldıla bilər. Bu təklifi millət vəkili Qənirə Paşayeva Türkiyənin İzmir şəhərində Xocalı soyqırımının 19-cu ildönümü ilə bağlı keçirilən tədbirdə çıxışı zamanı səsləndirib.

O, qeyd edib ki, Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılacaq abidə dünyaya Azərbaycan-Türkiyə qardaşlığının əbədi olmasını, Türkiyənin bu məsələyə həssas yanaşmasını nümayiş etdirməklə yanaşı, "Ermənistanın, ermənilərin dinc azərbaycanlılara qarşı törətdiyi soyqırımları, Xocalı soyqırımını artıq görün və tanıyın" mesajını da verəcək.

Millət vəkili vurğulayıb ki, Ermənistanın azərbaycanlılara qarşı törətdiyi soyqırımın bütün dünyaya çatdırılması və tanıdılması istiqamətində harada yaşamasından asılı olmayaraq bütün türklər, türk dünyası Azərbaycanla birgə çalışmalı və səylərini daha da artırmalıdır. O, deyib ki, Xocalı soyqırımı türklərə qarşı törədilmiş soyqırım olaraq bütün türk dünyasının problemidir və bu soyqırımı törədənlərin öz layiqli cəzalarını alması, dünyanın bu soyqırımı pisləməsi və tanıması istiqamətində bütün türk dünyası fəal iş aparmalıdır. "Harada yaşamasından asılı olmayaraq, özünə hörmət edən heç bir türk, heç bir türk toplumu və dövləti Ermənistanla əməkdaşlıq etməməlidir", - deyən Qənirə Paşayeva türk gəncliyini Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində və qondarma "erməni soyqırımı" yalanlarının qarşısının alınması istiqamətində daha fəal mübarizəyə çağırıb.

Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov, Türkiyə Böyük Millət Məclisinin üzvü Şenol Bal, Azərbaycanın millət vəkilləri Qənirə Paşayeva, Elman Məmmədov, Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı, Türkiyənin Giresun Unversiteninin alimi Aygün Attar və Türkiyənin bir sıra tanınmış ictimai-siyasi xadimləri, elm adamları çıxışlarında Ermənistanın işğal altında saxladığı Azər­baycan torpaqlarında törətdiyi vandalizm aktları, azərbaycanlılara məxsus tarixi-mədəni, dini abidələri və qəbiri­stanlıqları dağıtmaları, Xocalı soyqırımı da daxil olmaqla, dinc azər­baycanlılara qarşı törətdilən soyqırım aktları, həmçinin, 1 milyon azər­bay­canlı qaçqın və məcburi köç­künün öz yurd-yuvasına dön­mə­sinə imkan verilməməsi barədə tədbir iştirakçılarına geniş məlumat veriblər.

1992-ci il fevral ayının 25-26-da erməni silahlı birləşmələri Xankəndində yerləşən Rusiyaya məxsus 366-cı alayın köməyi ilə azərbaycanlılar yaşayan Xocalı şəhərinə hücum edərək dinc əhaliyə qarşı xüsusi qəddarlıqla müşayiət olunan soyqırım aktı həyata keçiriblər. Bu faciə nəticəsində 613 dinc sakin qətlə yetirilib, 487 nəfər yaralanıb, 1275 nəfər isə əsir götürülüb. Onlardan bir çoxu əsirlikdən qayıtmayıb və sonrakı taleyi barədə hər hansı məlumat yoxdur.

Xəbər lenti

Xəbər lenti