...

Xocalı faciəsi İordaniyada səsləndiriləcək cümə xütbələri zamanı anılacaq (FOTO)

Cəmiyyət Materials 24 Fevral 2011 15:57 (UTC +04:00)
İordaniyada Xocalı faciəsinin ildönümü qeyd olunur.
Xocalı faciəsi İordaniyada səsləndiriləcək cümə xütbələri zamanı anılacaq (FOTO)

Azərbaycan, Bakı, 24 fevral /Trend, müxbir M.Əliyev/

İordaniyada Xocalı faciəsinin ildönümü qeyd olunur. Trend-in məlumatına görə, Xocalı soyqırımının 19-cu ildönümü ərəfəsində Azərbaycanın İordaniyadakı səfiri Elman Araslı bu ölkənin tanınmış ictima-siyasi xadimləri ilə görüşərək, Xocalı soyqırımının ildönümünün ölkədə qeyd edilməsində lazımi rol oynamalarını xahiş edib.

Bundan əlavə, Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Şahin Sayılovun rəhbərlik etdiyi nümayəndə heyətinin İordaniyaya səfəri təşkil edilib, mövcud olan əyani vəsaitlər çoxaldılaraq müxtəlif dairələrə paylanıb və yerli KİV-lərlə sıx əməkdaşlıq nəticəsində xeyli məlumat yayılıb.

İordaniyanın iyirmiyə yaxın kütləvi informasiya vasitələrinin, o cümlədən televiziya nümayəndələrinin iştirakı ilə Xocalı soyqırımı ilə bağlı keçirilən tədbirdə Araslı qeyd edib ki, faciə nəticəsində 613 dinc Azərbaycan vətəndaşı amansızcasına qətlə yetirilib, yüzlərlə şəxs itkin və didərgin düşüb.

Sayılov media mənsubları qarşısında çıxışında Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı törədilmiş cinayət faktları, o cümlədən ölkəmizə dəymiş maddi-mənəvi zərər, əsir-girov və itkinlər problemi barədə məlumatlar verib. Tədbir iştirakçılarına bir neçə dildə hazırlanmış əyani vəsaitlər, o cümlədən kitablar, foto və videomateriallar, filmlər, səfirliyin bəyanatı paylanıb. Media mənsubları və qonaqlar diplomatik nümayəndəliyimizin binasında qurulmuş və Ermənistanın Azərbaycana qarşı təcavüzünü əks etdirən sərgi və oradakı Xocalı guşəsi ilə də tanış olublar.

Səfirliklə İordaniya-Azərbaycan Dostluq Cəmiyyəti tərəfindən cəmiyyətin mənzil-qərargahında Xocalı faciəsinə həsr olunmuş digər tədbirdə Azərbaycan icmasının və İordaniya ictimaiyyətinin, qəbilələrin nümayəndələri iştirak ediblər. Şahin Sayılov tədbirdə çıxışı zamanı Ermənistanın Azərbaycana qarşı təcavüzündən, münaqişənin tarixindən danışıb, Xocalı faciəsi ilə bağlı faktları açıqlayıb.

Xocalı faciəsinin ildönümü ilə əlaqədar aparılmış hazırlıq işləri çərçivəsində İordaniyanın baş müftisi ilə söhbət əsnasında səfir Xocalı faciəsinin ölkədə səsləndiriləcək cümə xütbələri zamanı anılmasını təklif edib və təklif İordaniya tərəfindən anlayışla qarşılanıb.

1992-ci il fevral ayının 25-26-da erməni silahlı birləşmələri Xankəndində yerləşən Rusiyaya məxsus 366-cı alayın köməyi ilə azərbaycanlılar yaşayan Xocalı şəhərinə hücum edərək dinc əhaliyə qarşı xüsusi qəddarlıqla müşayiət olunan soyqırım aktı həyata keçiriblər. Bu faciə nəticəsində 613 dinc sakin qətlə yetirilib, 487 nəfər yaralanıb, 1275 nəfər isə əsir götürülüb. Onlardan bir çoxu əsirlikdən qayıtmayıb və sonrakı taleyi barədə hər hansı məlumat yoxdur.

Xəbər lenti

Xəbər lenti