Azərbaycan, Bakı, 1 mart /Trend, müxbir T.Hacıyev/
Bakı və Sumqayıt şəhər, Abşeron, Xızı, Qobustan rayon bələdiyyələrinin iştirakı ilə müşavirə keçirilib.
Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzindən Trend-ə verilən məlumata görə, martın 1-də Xırdalanda keçirilən müşavirədə Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə, Prezident Administrasiyasının Bələdiyyələrlə iş sektorunun müdiri Ramiq Həşimov, Azərbaycan Bələdiyyə İşçilərinin Həmkarlar İttifaqının, Milli assosiasiyaların, rayon icra hakimiyyəti orqanlarının, yerli torpaq, vergi, maliyyə, əmlakın dövlət reyestri xidmətinin əməkdaşları, bələdiyyə sədrləri və üzvləri iştirak edib.
Bələdiyyələrlə İş Mərkəzinin rəisi Mehdi Səlimzadə tədbirdə çıxışında bildirib ki, Mərkəz bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən bir orqan kimi bələdiyyələrin yol verdiyi nöqsanların, qanunsuzluqların aradan qaldırılması istiqamətində gördüyü tədbirləri daima gücləndirir.
Onun sözlərinə görə, ötən illər ərzində bələdiyyənin əsas gəlir mənbəyi sayılan torpaqdan istifadə hallarında, mülkiyyətin idarə olunması prosesində baş verən hüquqpozmalara xüsusi diqqət yetirilib və bələdiyyələrin mülkiyyətinə minlərlə hektar torpaq sahəsi qaytarılıb.
Səlimzadənin sözlərinə görə, bəzi bələdiyyələrin fəaliyyətində nöqsanlar, qanunsuzluqlar aşkar edilib, aşkar olunan ciddi qanun pozuntuları ilə bağlı hüquqi tədbirlər həyata keçirilib.
İnzibati nəzarət qaydasında aparılan araşdırmalar nəticəsində hər il 20-ə qədər bələdiyyənin vəzifəli şəxsləri barəsində başlanan cinayət işləri ilə yanaşı, 500-dək bələdiyyə sədrinin inzibati məsuliyyətə cəlb olunmasının narahatlıq doğurduğunu deyən Mərkəz rəhbəri bildirib ki, əsas qanun pozuntuları bələdiyyə sədrlərinin qərar qəbul etmək prosedurlarını pozmaları, mülkiyyət və əmlakdan istifadə, maliyyə məsələlərinin həllində yol verilən pozuntulardır.
Bələdiyyələrin fəaliyyətlərində məhz bu nöqsanların aradan qaldırılmasına xüsusi diqqət yetirilməsini vacib sayan nazirlik rəsmisi qeyd olunan nöqsanların korrupsiya xarakteri daşıdığını qeyd edib.
Səlmzadə bələdiyyələrə qəbul etdikləri qərarları inzibati nəzarəti həyata keçirən orqana vaxtında təqdim etmələrini, iclasları mütəmadi olaraq keçirmələrini, qərar qəbul etmək qayda və prosedurlarına əməl etmələrini, fəaliyyətləri barəsində əhaliyə şəffaflfq prinsiplərinə uyğun olaraq hesabat vermələrini tövsiyə edib.
O, bələdiyyələrin fəaliyyətində korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirildiyini, hazırda 6 bələdiyyənin fəaliyyətində ciddi qanun pozuntularının aşkar olunduğunu bildirib.