Azərbaycan, Bakı, 5 mart /Trend, müxbir T.Hacıyev/
Azərbaycan Mətbuat Şurası dövlət qurumlarının mətbuat xidmətlərinə dərs keçmək niyyətindədir. Şuranın sədri Əflatun Amaşov şənbə günü Trend-ə açıqlamasında bildirib ki, Mətbuat Şurasının təşəbbüsü ilə yaradılacaq Jurnalistika İnstitutunda mətbuat xidməti əməkdaşları üçün də dərslər keçiriləcək.
Onun sözlərinə görə, bu addım ilk mənbədən informasiya alınmasında yaranan problemləri aradan qaldırmaq üçün atılacaq.
Şura sədri qeyd edib ki, Azərbaycanda jurnalistlərin bir qismi sovet dönəmində, bir qismi isə müstəqillik illərində təhsil alıb, digər qisminin isə ümumiyyətlə jurnalist təhsili yoxdur.
"Bu hal materialların hazırlanmasına və cəmiyyətə çatdırılmasına təsirini göstərir və problemlər yaradır. Yaranmış problemləri aradan qaldırmaq üçün Mətbuat Şurası ayrıca bir institut yaradılması təşəbbüsü ilə çıxış edib", - Amaşov deyib.
Şura sədri hesab edir ki, Azərbaycanda jurnalistika təhsili sistemi öndə gedən dünya təcrübəsindən geri qalır. Onun sözlərinə görə, Azərbaycan jurnalistika təhsili sistemi postsovet ölkələrində olduğu kimidir.
"Dünyada müxtəlif yeni təhsil modelləri var. Misal üçün, ABŞ-da üç il bakalavr sistemində tələbələr ümumi təhsil alırlar, qalan bir ildə isə, təhsillərini təcrübə ilə mükəmməlləşdirirlər. Yeni yaradılacaq institutda qabaqcıl dünya təcrübəsi tətbiq olunacaq", - Amaşov qeyd edib.
O, həmçinin bildirib ki, institutda gənc jurnalistlərə müxtəlif modullar - marketinq, biznes, jurnalistika hüququ, yeni jurnalistika və s. ar əsasında tədris həyata keçiriləcək.
"Bu instutda dərs demək üçün xarici ölkələrdən mütəxəssislər cəlb olunacaq. Azərbaycanda ayrı-ayrı mütəxəssislər də bu işə cəlb ediləcək, tanınmış jurnalistlərin master-klasları təşkil olunacaq" - o, bildirib.
Amaşov onu da deyib ki, institutun sənədləri və proqramı artıq hazırdır və növbəti tədris ilindən etibarən onun fəaliyyətə başlaması gözlənilir.