...

Azərbaycanın media qurumlarının rəhbərləri tələbələrlə görüş keçiriblər (FOTO)

Cəmiyyət Materials 10 Mart 2011 22:07 (UTC +04:00)
Azərbaycanın media qurumlarının rəhbərləri jurnalist tələbələrlə görüş keçiriblər. Trend-in məlumatına görə, cümə axşamı keçirilən görüş Bakı Slavyan Universitetinin (BSU) akt zalında baş tutub.
Azərbaycanın media qurumlarının rəhbərləri tələbələrlə görüş keçiriblər (FOTO)

Foto əlavə olunub (ilk xəbər saat 13:39-da yayılıb)

Azərbaycan, Bakı, 10 mart /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın media qurumlarının rəhbərləri jurnalist tələbələrlə görüş keçiriblər. Trend-in məlumatına görə, cümə axşamı keçirilən görüş Bakı Slavyan Universitetinin (BSU) akt zalında baş tutub.

Görüşdə Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli, "Ayna" və "Zerkalo" qəzetlərinin baş redaktoru Elçin Şıxlı və digər şəxslər iştirak edib.

Tədbiri giriş sözü ilə BSU-nun rektoru, professor Kamal Abdulla açıb. O, qeyd edib ki, jurnalistika fakültəsinin tələbələri ilə media qurumlarının rəhbərləri arasında görüş mühüm əhəmiyyətə malikdir.

KİVDF-nin icraçı direktoru Vüqar Səfərli öz növbəsində bildirib ki, belə bir görüş daha öncə Bakı Dövlət Universitetində baş tutub. Görüşün nəticəsi olaraq, 22 tələbə təcrübə keçmək üçün 22 qəzetə göndərilib.

Onun sözlərinə görə, BSU-da keçirilən görüşlərin də nəticəsi olaraq müəyyən tələbələr təcrübə keçmək üçün qəzetlərə göndəriləcək. Səfərli bildirib ki, tələbələr jurnalistika fakültəsinin təqdim edəcəyi siyahı əsasında müəyyənləşəcək.

İcraçı direktor onu da qeyd edib ki, təcrübə keçməyin müqabilində tələbələr hər ay 100 manat məbləğində əmək haqqı alacaqlar.

Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, jurnalist tələbələrin qəzetlərdə təcrübə keçməsi olduqca əhəmiyyətlidir. Amaşovun sözlərinə görə, onların jurnalist kimi püxtələşməsi üçün qəzetlərdə müvafiq şərait var.

Daha sonra media qurumlarının rəhbərləri tələbələrin suallarını cavablandırıblar.

Xəbər lenti

Xəbər lenti