Azərbaycan, Bakı, 17 mart /Trend, müxbir M.Əliyev/
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov cümə axşamı "Amnesty International" insan hüquqları təşkilatının Avropa və Mərkəzi Asiya bölməsi üzrə direktor muavini Con Dalhizenlə söz və mətbuat azadlığını müxtəlif aspektlərini müzakirə edib. Trend-in məlumatına görə, bu barədə Mətbuat Şurasından bildirilib.
Amaşov görüşdə qeyd edib ki, MŞ mətbuatın iqtisadi durumunun yaxşılaşdırılmasına dəstək məqsədilə reklam və elanların KİV-də yerləşdirilməsi təcrübəsinin öyrənilməsi, ölkədə diffamasiya haqqında qanunun qəbul edilməsinə çalışır.
"Diffamasiya haqqında qanunla bağlı ötən ilin martından ATƏT-lə birgə iş aparırıq. Ortaq layihə çərçivəsində "Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları"na əlavə və dəyişikliklər edilib", - Amaşov bildirib.
Onun sözlərinə görə, əsas məqsəd diffamasiya mühitində jurnalist məsuliyyətini möhkəmləndirmək idi ki, peşə davranışı qaydalarının yeni, təkmil variantında məhz bu məqama diqqət yetirilib.
Dalhizen təmsil olunduğu təşkilatın Azərbaycanda media və insan haqları ilə bağlı geniş hesabat hazırladığını bildirib və bu məqsədlə bir sıra qəzet redaktorları, dövlət və qeyri hökümət orqanlarının rəhbərləri ilə görüşdükləri barədə məlumat verib. O, insan hüquqlarının qorunmasının demokratikləşmədə vacib amil olduğunu vurğulayaraq, medianın prosesdə iştirakının və buna zəruri şərait yaradılmasının vacibliyini önə çəkib.