...

Azərbaycan Ermənistanın işğal etdiyi rayonlarda həyata keçirdiyi partlayışları dəqiqliklə izləyəcək

Cəmiyyət Materials 28 Mart 2011 13:58 (UTC +04:00)
Azərbaycanda Ermənistanın işğal etdiyi rayonlarda həyata keçirdiyi partlayışlar dəqiqliklə izlənəcək. Bu barədə bazar ertəsi Trend-ə Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli bildirib.
Azərbaycan Ermənistanın işğal etdiyi rayonlarda həyata keçirdiyi partlayışları dəqiqliklə izləyəcək

Azərbaycan, Bakı, 28 mart /Trend, müxbir M.Əliyev/

Azərbaycanda Ermənistanın işğal etdiyi rayonlarda həyata keçirdiyi partlayışlar dəqiqliklə izlənəcək. Bu barədə bazar ertəsi Trend-ə Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli bildirib.

Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərinə yaxın rayonlarda quraşdırılması planlaşdırılan seysmik stansiyalar vasitəsilə işğal olunmuş rayonlarda həyata keçirilən partlayışlar dəqiqliklə izlənəcək.

Onun sözlərinə görə, ABŞ-ın "Kinemetrik" şirkəti ilə imzalanmış müqaviləyə əsasən, Ağdam, Beyləqan, Füzuli rayonlarında rəqəmli və peyk rabitəli seysmik stansiyalar quraşdırılacaq.

"Quraşdırılacaq avadanlıqlar vasitəsilə yeraltı təkanlarla yanaşı, yaxınlıqdakı rayonlarda ermənilər tərəfindən törədilən partlayışlar barədə də dəqiq məlumatlar toplanacaq", - Yetirmişli bildirib.

Ermənistan silahlı qüvvələri işğal altında olan torpaqlarda mütəmadi olaraq hərbi təlimlər keçirir, partlayışlar törədir.

Seysmoloji Xidmət Mərkəzinin direktorunun sözlərinə görə, ümumilikdə, Azərbaycan ərazisində quruda 2011-ci ildə seysmik stansiyaların sayının 35-ə çatdırılması gözlənilir.

"Azərbaycanda bu il quruda 5, Xəzər dənizində isə 3 seysmik stansiya quraşdırılacaq", - Yetirmişli bildirib.

Mərkəzin direktoru qeyd edib ki, dünyada ən etibarlı seysmoloji cihaz istehsalçılarından biri sayılan ABŞ-ın "Kinemetrik" şirkətinin yaponiyalı mütəxəssislərlə birgə istehsal etdiyi seysmik stansiyalar tədqiqatlar üçün ən yararlı proqram təminatına malikdir.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti