...

Bakıda 31 mart soyqırımı qurbanlarının xatirəsi anılıb

Cəmiyyət Materials 29 Mart 2011 16:01 (UTC +04:00)
Trend-in məlumatna görə, Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı, "Qadın və Uşaqların Problemlərinin Araşdırılması" İctimai Birliyi, "Üçüncü Sektor" İctimai Birliyi, "Təkamül və İnteqrasiya" Beynəlxalq İctimai Birliyinin birgə təşkilatçılığı ilə 31 mart soyqırımına həsr olunmuş tədbir keçirilib.
Bakıda 31 mart soyqırımı qurbanlarının xatirəsi anılıb

Azərbaycan, Bakı, 29 mart /Trend, müxbir T.Hacıyev/

Bakıda 31 mart soyqırımının qurbanlarının xatirəsi anılıb. Trend-in məlumatna görə, Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı, "Qadın və Uşaqların Problemlərinin Araşdırılması" İctimai Birliyi, "Üçüncü Sektor" İctimai Birliyi, "Təkamül və İnteqrasiya" Beynəlxalq İctimai Birliyinin birgə təşkilatçılığı ilə 31 mart soyqırımına həsr olunmuş tədbir keçirilib.

Tədbiri giriş sözü ilə Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirov açaraq 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı Quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri soyqırım nəticəsində 12 minə yaxın azərbaycanlının qətlə yetirildiyini, on minlərlə insanın itkin düşdüyünü qeyd edib.

"1917-ci ildə Rusiyada baş vermiş oktyabr inqilabı nəticəsində Stepan Şaumyanın başçılıq etdiyi bolşevik Bakı Soveti Bakı Quberniyasında hakimiyyəti ələ keçirdikdən sonra milliyətcə erməni olan və Britaniya hökumətindən milyon qızıl rubl məbləğində ilkin yardım alan Şaumyan Bakıda azərbaycanlılara qarşı bolşeviklərlə erməni milliyətçilərinin əməkdaşlığını təmin edib və nəticədə bu soyqırım aktı törədilib", - Qədirov əlavə edib.

O bildirib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 26 mart 1998-ci il tarixli sərəncamı ilə 31 mart tarixinin Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması ilə bu məsələyə hüquqi-siyasi qiymət verilib.

O, Ermənistanın öz təcavüzkar hərəkətlərini bu gün də davam etdirdiyini, 20-ci əsrin sonlarında əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımını törətdiyini bildirərək cəzasızlıqdan azğınlaşmış Ermənistanın hələ də 20 faizdən artıq işğal etdikləri Azərbaycan torpaqlarını azad etməməsini, beynəlxalq hüquqa meydan oxumaqda davam etməsini ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi və ya birtərəfli fəaliyyəti kimi qiymətləndirilməsinin zəruri olduğunu qeyd edib.

"Uşaq qatili olmaqda davam edən və bundan zövq alan ermənilərin 9 yaşlı Fariz Bədəlovu qətlə yetirməsi bir daha onu göstərdi ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından xoşluqla çıxmaq niyyətində deyil", - Qədirov vurğulayıb.

Sonra cıxış edən tədbirin təşkilatçılarından olan Kəmalə Əliyeva bildirib ki, statistik məlumatlara əsaslanaraq demək olar ki, 1905-ci ildən başlayaraq Azərbaycanın bütün bölgələrində azərbaycanlılara qarşı gizli və aşkar şəkildə soyqırım, repressiyalar aparılıb.

"Təkcə 1918-1920-ci illərin mart-aprel aylarında qanlı hadisələr bunu sübut edir. Bu faciələr zamanı Bakı, Şamaxı, Muğan və Lənkəranda ermənilər tərəfindən 30 min azərbaycanlı qətlə yetirilib. Ümumiyyətlə, XX əsrin birinci yarısında Zaqafqaziyada baş vermiş iki qırğın zamanı (1905-1907-ci illər, 1918-1920-ci illər) 2 milyona yaxın azərbaycanlı ermənilər tərəfindən qətlə yetirilib, öz ev-eşiyindən zorla qovulub və bu siyasət dinc əhalinin tam məhvinə yönəldilmişdi", - Əliyeva bildirib.

Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin məsul əməkdaşı Vüqar Səlimov çıxış edərək Ermənistanın tarix boyu törətdiyi qırğınların, soyqırımların əsas məqsədinin Azərbaycan ərazisində "Böyük Ermənistan dövləti" yaratmaq ideyasından irəli gəldiyini bildirib.

"Bu siyasət bu gün də Ermənistan adlanan dövlət tərəfindən eyni qəddarlıq və insanlığa sığmayan vəhşiliklə davam etdirilir", - o əlavə edib.

Səlimov Azərbaycan Prezidenti İlham Əliyevin bu münaqişənin həlli istiqamətində gördüyü işlər barədə məlumat verərək tezliklə Ermənistanın öz təcavüzkar hərəkətlərindən əl çəkməsinə məcbur olacağını vurğulayıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva çıxışında Ermənistanın heç bir müharibə qanunlarına sığmayan hərəkətlərə yol verdiyini, günahsız insanların, xüsusən də qocaların, qadınların, uşaqların kütləvi surətdə məhv edilməsinin bəşəri bir cinayət olduğunu bildirib.

"Bir əsrdə iki dəfə ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırımların bu vaxta qədər beynəlxalq ictimaiyyət tərəfindən düzgün qiymətləndirilməməsi nəticəsində bu gün də ermənilər tərəfindən uşaqların qətlə yetirilməsi davam edir", - Sofiyeva vurğulayıb.

Qafqaz Universitetinin rektoru Ahmed Sanic, Sosioloji Araşdırmalar Mərkəzinin sədri Əhməd Qəşəmoğlu, yazıçı Aygün Həsənoğlu və digər qonaqlar tarixə düzgün yanaşmanın və tarixdən ibrət götürülməsinin zəruri olduğunu vurğulayıblar. Beynəlxalq aləm tərəfindən 31 mart soyqırımına düzgün hüquqi-siyasi qiymətin verilməsi üçün birgə fəaliyyətin zəruri olduğunu bildiriblər.

Xəbər lenti

Xəbər lenti