...

Bakıda korrupsiyaya qarşı mübarizə üzrə forum keçirilib (FOTO)

Cəmiyyət Materials 15 Aprel 2011 13:51 (UTC +04:00)
Cümə günü Bakıda Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya, Baş Prokurorluq, Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin birgə təşkilatçılığı ilə korrupsiyaya qarşı mübarizə üzrə forum keçirilib.
Bakıda korrupsiyaya qarşı mübarizə üzrə forum keçirilib (FOTO)

Azərbaycan, Bakı, 15 aprel /Trend, müxbir T.Hacıyev/

Cümə günü Bakıda Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya, Baş Prokurorluq, Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin birgə təşkilatçılığı ilə korrupsiyaya qarşı mübarizə üzrə forum keçirilib.

Trend-in məlumatına görə, tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidenti yanında Qeyru Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev bildirib ki,
Azərbaycanda korrupsiyaya qarşı mübarizə üzrə QHT təşəbbüslərinin dəstəklənməsi məqsədilə QHT-lər arasında müsabiqə elan edilib.

Quliyev qeyd edib ki, QHT-lər öz layihələrini aprelin 15-dən mayın 6-na qədər təqdim edə bilərlər. Onun sözlərinə görə, müsabiqənin ümumi maliyyə fondu 50 min manatdır və müsabiqə 5 istiqamətdə keçiriləcək.

İctimai Televiziya və Radio Yayımları Şirkətinin rəhbəri İsmayıl Ömərov tədbirdə çıxışı zamanı bildirib ki, 2011-ci il Azərbaycan tarixinə korrupsiyaya qarşı mübarizə ili kimi daxil olub.

"Milli dövlətçiliyimizin inkişafı naminə vətəndaşımız, cəmiyyətimiz korrupsiyaya qarşı mübarizə işini dəstəkləyir. Vətandaşların istəyi odur ki, bu proses kampaniya xarakteri daşımasın. KİV-lər, xüsusən elektron KIV-lər bu prosesə yardımçı olmalıdırlar", - Ömərov əlavə edib.

Tədbirdə çıxış edənlər, QHT nümayəndələri korrupsiyaya qarşı mübarizənin səmərəliliyinin artırılması üzrə bir sıra təkliflər irəli sürüblər.

Əmək Hüquqları Liqasının sədri Sahib Məmmədov bildirib ki, korrupsiyaya yol açan normativ-hüquqi aktların antikorrupsion analizi keçirilməli və bu işə QHT-lər cəlb edilməlidir. O, dövlət orqanlarında süründürməçiliyin aradan qaldırılması üçün "vahid qapı"nın yaradılması, dövlət orqanlarında fəaliyyət göstərən "qaynar xətt" sisteminin işinin təkmilləşdirilməsi təklifi ilə çıxış edib.

Məmmədovun sözlərinə görə, "qaynar xətt"lərə daxil olan müraciətlərə operativ reaksiyalar verilməsində problemlər var.

"Problem ondadır ki, "qaynar xətt"lərə müraciətlərin sayı çoxaldığından, müraciətlərə operativ reaksiya verilmir. Bunu nəzərə alaraq, bu sahədə əlavə təkmilləşdrimə işləri aparılmalı və işçilərin sayı artırılmalıdır", - Məmmədov deyib.

Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun sədri Sabit Bağırov yaxın gələcəkdə əməkhaqlarının ən azı iki dəfə artırılması təklifi ilə çıxış edib. O, məhkəmə sistemində ciddi nöqsanların olduğunu vurğulayaraq, bu sahədə islahatlara ehtiyac duyulduğunu bildirib.

"Məhkəmələrdə açıq-aydın özbaşınalıq var. Elə bil hakimlər bu son proseslərdən xəbərsizdirlər. Hesab edirəm ki, andlı məhkəmələrin yaradılması üçün zaman yetişib və andlılar sisteminin tətbiqi bu sahədə problemlərin həllinə kömək edə bilər", - Bağırov qeyd edib.

QHT nümayəndələri korrupsiya cinayətlərində ittiham olunan məmurların məhkəməsinin ictimaiyyət üçün açıq keçirilməsini təklif ediblər. Onların fikrincə, bu zaman korrupsiya hallarına ictimai qınaq artar.

Tədbirdə dövlət strukturlarının, QHT-lərin, beynəlxalq təşkilatların və media qurumlarının nümayəndələri iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti