...

Azərbaycanın vərəmli məhkumların müalicəsi ilə bağlı təcrübəsi beynəlxalq konqresdə müzakirə olunacaq

Cəmiyyət Materials 19 Aprel 2011 13:02 (UTC +04:00)
Azərbaycanın vərəmli məhkumların müalicəsi ilə bağlı təcrübəsi Fransada keçiriləcək beynəlxalq konqresdə müzakirə olunacaq.
Azərbaycanın vərəmli məhkumların müalicəsi ilə bağlı təcrübəsi beynəlxalq konqresdə müzakirə olunacaq

Azərbaycan, Bakı, 19 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanın vərəmli məhkumların müalicəsi ilə bağlı təcrübəsi Fransada keçiriləcək beynəlxalq konqresdə müzakirə olunacaq.

Ədliyyə Nazirliyinin Səhiyyə Baş İdarəsinin rəisi Rəfail Mehdiyev Trend-ə bildirib ki, bu ilin oktyabrında Fransada vərəm və ağciyər xəstəlikləri üzrə beynəlxalq konqres keçiriləcək.

İdarə rəisinin sözlərinə görə, beynəlxalq tədbirdə vərəmin müalicəsi ilə bağlı iki müsbət təcrübə barədə də müzakirələr aparılacaq.

Mehdiyev qeyd edib ki, Azərbaycanın cəzaçəkmə müəssisələrində vərəmin müalicəsi ilə bağlı müsbət təcrübəni əks etdirən təqdimat olacaq. Konqresdə iştirakçılara Azərbaycan təcrübəsi ilə bağlı geniş məlumat veriləcək.

Onun sözlərinə görə, digər müsbət təcrübə isə həbsdən azad olunan vərəmli şəxslərin müalicəsi ilə bağlı Moldova təcrübəsidir.

Cəzacəkmə müəssisələrində 1995-ci ildə Beynəlxalq Qırmızı Xaç Komitəsinın (BQXK) DOTS layihəsinin tətbiqinə başlanılıb. Vərəmli məhkumların müalicəsi üçün ixtisaslaşdırılmış müəssisə yaradılıb. Müəssisədə 2007-ci ildən DOTS-plus müalicə metoduna başlanılıb. Bu metod rezistent vərəmin müalicəsində ikinci sıra vərəm əleyhinə preparatların tətbiqinə əsaslanır.

Layihənin tətbiqi nəticəsində vərəmdən ölən məhkumların sayı bir neçə dəfə azalıb. Belə ki, 1995-ci ildə cəzaçəkmə müəssisələrində təxminən 470 məhbus bu xəstəlikdən vəfat edirdisə, bu il vərəmdən ölən məhkumların sayı 20 nəfərdən də az olub.

Müalicə müəssisəsi Azərbaycanın bütün cəzaçəkmə müəssisələrindən gələn təxminən 1000 nəfər vərəmə yoluxmuş məhbusun müalicə olunduğu müasir tibb ocağıdır. Müəssisədə diaqnostik laboratoriya və aptek, rentgen aparatları və kameraları, ümumi yaşayış yerlərini maksimum səviyyədə təmiz hava ilə təchiz emək üçün quraşdırılmış mükəmməl ventilyasiya sistemi var.

Bakıdakı İxtisaslaşmış Müalicə Müəssisəsində həyata keçirilən proqram çox uğurlu olduğundan, BQXK həbsxanaları vərəm xəstəliyinin yayılması üçün münbit mühitə çevrilmiş digər ölkələrdə də həmin proqramı model kimi istifadə etməyi planlaşdırır.

Xəbər lenti

Xəbər lenti