...

Qubada "Şəfəq" qəzetinin 90 illik yubileyi qeyd olunub

Cəmiyyət Materials 26 Aprel 2011 19:16 (UTC +04:00)
Çərşənbə axşamı Qubanın "Şəfəq" qəzetinin 90 illik yubileyi ilə bağlı mərasim keçirilib. Trend-in məlumatına görə, rayon Mədəniyyət Evində baş tutan toplantı öncəsi qonaqlar burada "Şəfəq" qəzetinin müxtəlif illərdəki fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar. Bu barədə Azərbaycan Mətbuat Şurasının məlumatında deyilir.
Qubada "Şəfəq" qəzetinin 90 illik yubileyi qeyd olunub

Azərbaycan, Bakı, 26 aprel /Trend/

Çərşənbə axşamı Qubanın "Şəfəq" qəzetinin 90 illik yubileyi ilə bağlı mərasim keçirilib. Trend-in məlumatına görə, rayon Mədəniyyət Evində baş tutan toplantı öncəsi qonaqlar burada "Şəfəq" qəzetinin müxtəlif illərdəki fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar. Bu barədə Azərbaycan Mətbuat Şurasının məlumatında deyilir.

Yubiley tədbirini açan Quba rayon İcra Hakimiyyəti başçısının birinci müavini Sahib Məmmədov bildirib ki, əsası Həsən bəy Zərdabi tərəfindən qoyulan Azərbaycan mətbuatı tarixində "Şəfəq" qəzetinin özünəməxsus yeri və rolu var.

"Şəfəq" qəzetinin baş redaktoru Qəhrəman Əliyev çıxışında rəhbərlik etdiyi mətbu orqanın tarixindən söhbət açıb. O, 1921-ci ilin aprel ayından "Əxbar" adı ilə çıxan nəşrin müxtəlif illərdə "Yeni dirilik", "Kollektivləşmə yolu", "Qızıl Quba", "Quba" adları ilə fəaliyyət göstərdiyini vurğulayıb.

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, "Şəfəq" Azərbaycanda ilk bölgə qəzeti adını şərəflə qoruyan kütləvi informasiya vasitəsidir. Şura sədri mətbu orqanın təkcə Quba rayonunda deyil, ümumilikdə bölgədə ictimai fikrin formalaşmasında oynadığı rola diqqət çəkib.

"Biz bu gün Azərbaycanın ilk jurnalisti olan Abbasqulu ağa Bakıxanovun doğma yurdundayıq. O, Azərbaycanın iki hissəyə bölündüyü çətin bir məqamda "Tiflisskie vedomosti" qəzetində məzmunlu yazılarla çıxış edib. Sonradan bu nəşr "Tiflis əxbarı" adı ilə fəaliyyət göstərdi. 1841-ci ildən nəşrə başlayan "Zaqafqazskiy vestnik"də də onun əsərləri çap olundu. Belə elmi nümunələrin çapı ənənəsi "Şəfəq" qəzetinin timsalında bölgə nəşrlərinə də sirayət etdi. Bu, olduqca vacib məqam idi. "Şəfəq" indi də ənənələrinə sadiqdir. Qəzetin əməkdaşlarının illər ərzində "Əməkdar jurnalist" adına, müxtəlif dövlət təltiflərinə layiq görülmələri nəşrin formalaşmış yüksək imicinin bəhrələridir", - Amaşov deyib.

Əflatun Amaşov Mətbuat Şurasının təbrik plaketini və qurumun press-kartlarını "Şəfəq" qəzetinin baş redaktoruna təqdim edib.

Azərbaycan Milli Məclisinin üzvü Vahid Əhmədov ilk bölgə qəzetlərindən olan "Şəfəq"in keçdiyi ömür yolunun müasir dövr mətbuatımız üçün örnək olduğunu vurğulayıb.

Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı çıxışında bölgə qəzetlərinin fəaliyyəti ilə bağlı beynəlxalq təcrübədən söhbət açıb. O bildirib ki, bu tip media orqanları yerlərdə ictima rəyin formalaşmasında aktiv rol oynayırlar. Şıxlı "Şəfəq" qəzetinin əməkdaşlarına Azərbaycan Jurnalistlər Birliyinin fəxri diplomlarını təqdim edib.

Çıxış edənlər arasında "Zaman Azərbaycan" qəzetinin baş redaktoru Süleyman Ünal, Mətbuat Şurası İdarə Heyətinin üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "Azərbaycan" jurnalının baş redaktoru İntiqam Qasımzadə, Dağıstanda nəşr olunan "Dostluq-Drujba" jurnalının rəhbəri Tahir Saleh, şair-publisist Ramiz Qusarçaylı və başqaları "Şəfəq" qəzetinin bölgə nəşrləri içərisində öncül mövqeyə sahib olmasını şərtləndirən amillərdən söhbət açıblar.

Xəbər lenti

Xəbər lenti