Azərbaycan, Bakı, 4 may /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycanın təhsil naziri orta məktəblərə silah verilməsinin tərəfdarı deyil.
"Sumqayıtda baş vermiş məlum hadisələrdə bunun acı nəticələrini görmüşük", - Trend-in məlumatına görə, çərşənbə günü jurnalistlərə təhsil naziri Misir Mərdanov deyib.
1999-cu ildə Sumqayıt şəhər 8 saylı orta məktəbdə hərbi dərs zamanı RQD-5 əl qumbarası partlayıb.
Nazirin sözlərinə görə, bütün orta məktəblərdə hərbi hazırlıq fənni üçün bir otaq ayrılır və ayrılmalıdır. Eyni zamanda, həmin otaqlar avadanlıqlarla təmin olunur və olunmalıdır.
Mərdanov deyib ki, orta məktəblərdə hərbi hazırlıq nəzəri baxımdan keçirilir.
"Kifayət qədər hərbi məktəblər, akademiyalar var. Ona görə də, orta məktəbləri hərbi məktəblərə çevirə bilmərik", - nazir vurğulayıb.
Çərşənbə axşamı təhsil nazirinin müavini Elmar Qasımov Bakıda keçirilən tədbirdə bildirib ki, orta məktəblərə silah verilməməsi ibtidai hərbi hazırlıq dərslərinin yüksək səviyyədə təşkil olunmasına mane olur. O, qeyd edib ki, Müdafiə Nazirliyinin xüsusi əmri ilə məktəblərə təcrübə məqsədilə silahların verilməsi qadağan edilib. Məktəblərə silah verilməsi üçün nazirliyin bu qadağası götürülməlidir.