Azərbaycan, Bakı, 12 may /Trend, müxbir M.Əliyev/
Azərbaycanda yerli icra hakimiyyəti orqanları küçə reklamlarının vəziyyətinə nəzarəti gücləndirməlidirlər. Bunu Trend-ə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov bildirib.
"Rayon İcra hakimiyyətləri, xüsusilə icra başçısının birinci müavinləri eyni zamanda humanitar məsələlərə baxmalıdırlar və rayon ərazisində yazı mədəniyyəti, yazıların texniki tərtibatı, orfoqrafiyasına nəzarət etməlidirlər", - Cəfərov deyib.
Millət vəkilləri dəfələrlə reklamların, xüsusilə küçə reklamlarının yazılışında hərf səhvləri, qrammatik qaydaların pozulması, lüğət tərkibinə uyğun gəlməyən sözlərin işlədilməsini qeyd ediblər.
Cəfərov bildirib ki, icra hakimiyyəti orqanları rayonda gedən dil proseslərini izləməlidirlər.
"Rayonda ana dili ilə bağlı hər hansı təhlükə varsa, icra orqanları bunu nəzarətdə saxlamalıdırlar. Çünki həmin məsələlərə onlar cavabdehdirlər", - komitə sədri bildirib.
Cəfərov qeyd edib ki, qeyd olunan qurumlar vasitəsilə dilin həm rəsmi tədbirlərdə, həm məişətdə işlənməsi vəziyyətinin monitorinqi də aparıla bilər.
Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının illik ümumi yığıncağında ana dilimizin xarici təsirdən qorunmasının vacibliyini vurğulayıb.