Azərbaycan, Bakı, 17 may /Trend, müxbir E.Tariverdiyeva/
Azərbaycanın Düsseldorfda keçirilən "Eurovision 2011" beynəlxalq müsabiqəsində qələbəsi Avropada, xüsusilə də Belçikada böyük rezonansa səbəb olub. Buna sübut Belçika KİV-də çoxsaylı məqalələrin dərc edilməsidir.
Ölkənin bütün aparıcı qəzet və jurnalları Azərbaycanın gənc dueti Eldar və Nigarın "Eurovision 2011"dəki qələbəsi haqqında məqalələr dərc ediblər. "Le Soir", "La Libre", "De Morgen", "Het Belang van Limburg", "Het Nieuvsblad", "La Capitale", "Het Laatste Nieuvs", "De Standaard" kimi məşhur qəzetlər öz məqalələrində Eldar Qasımov və Nigar Camal tərəfindən "Running Scared" mahnısının gözəl ifa edilməsini qeyd edirlər.
Dərc edilən məqalələrdə Azərbaycanın belə sanballı Avropa müsabiqəsində iştirakının cəmi 4 ili ərzində fəxri kürsünün ən yüksək pilləsinə İtaliya və İsveç kimi ölkələri qabaqlayaraq layiqincə qalxa bilməsindən təəccüb və heyranlıqla danışılır.
"Azərbaycan Düsseldorfa qələbə qazandı" başlıqlı məqalədə deyilir ki, "Eurovision 2012"-ni qəbul edəcək Bakıda Avropa dünyaya bu ölkənin zəngin tarixini və mədəniyyətini nümayiş etdirəcək yüksək səviyyəli əzəmətli şounun şahidi olacaq.