Azərbaycan, Bakı, 24 may /Trend/
Azərbaycan futbolunun yaranmasının 100 illiyi ilə bağlı Bakıda keçiriləcək təntənəli tədbirə Türkiyənin "Qalatasaray" klubuna baş məşqçi təyin olunmuş Fatih Terim də qatılacaq. Trend-in məlumatına görə, bu barədə AFFA-dan bildirilib.
1996-cı ildə Fatih Terimin çalışdırdığı Türkiyə milli komandası tarixində ilk dəfə olaraq Avropa çempionatına vəsiqə qazanıb. "Avro-96"-dan sonra Terim "Qalatasaray"ın sükanı arxasına keçib. Onun rəhbərliyi ilə "Qalatasaray" 4 il ardıcıl Türkiyə çempionu olub və 2000-ci ildə UEFA kubokunu qazanıb.
Təcrübəli mütəxəssis 2008-ci ildə keçirilən Avropa çempionatında Türkiyə milli komandası ilə yarımfinala çıxıb.
Azərbaycan futbolunun yubileyi münasibətilə 2011-ci ilin iyunun 6-da "Buta Palace"-da təşkil olunacaq təntənəli mərasimdə dünyanın 40 futbol federasiyasının rəhbərlərinin iştirakı gözlənilir.
UEFA prezidenti Mişel Platini və FİFA prezidenti Jozef Blatter də yubiley mərasimində iştirak edəcək.
AFFA tərəfindən dövlət arxivinə müraciət olunaraq, futbolumuzun 100 illik tarixi barədə yazı, foto və videomateriallar toplanıb.
Ölkə futbol ictimaiyyətinin nümayəndələrinin iştirak edəcəyi tədbirdə 2012-ci ildə Azərbaycanda təşkil olunacaq 17 yaşadək qızlardan ibarət milli komandalar arasında dünya çempionatının loqotipi də təqdim olunacaq.